ABŞ-ın “Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “Benzinin 5 dollara qalxmasının günahı daha çox Putindədir” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirib oxuculara təqdim edir.
Bir qallon (3,8 litr) benzin 5 dollara – indi ABŞ-da bu, norma kimi qəbul olunur. Norma kimi qəbul olunursa, deməli, ölkə narahatlıq doğuran daha bir mərhələni aşa bilib.
Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, 20-dən çox ştatda benzin bu qiymətə satılır, Kaliforniyada isə bir qallon benzinin qiyməti hətta 6 dolları da keçir.
ABŞ-da benzinin rekord həddə bahalaşması hazırkı iqtisadiyyatın amerikalıların öyrəşdiyi iqtisadiyyatdan nə qədər fərqli olduğunu göstərir.
Ölkədə inflyasiya son 40 ildə ən yüksək səviyyəyə çatıb, faiz dərəcələri isə son 20 ildə görünməmiş templə yüksəlməkdədir.
Amerikalılar iqtisadi durumdan çox narahatdırlar. Miçiqan Universitetinin hesablamasına görə, ABŞ-da alıcılıq qabiliyyəti 1970-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Bütün bunların baiskarı daha çox Rusiya prezidenti Vladimir Putindir. Son bir ildə ABŞ-da benzin demək olar 2 dollar bahalaşıb. Bu artımın 75 faizi isə Putin Ukraynaya qoşun yeridəndən sonra baş verib.
ABŞ və bir sıra digər ölkələr haqlı olaraq Ukraynadakı əsassız müharibəyə görə Rusiyaya sərt sanksiyalar tətbiq edib, Rusiyadan neft və taxıl idxalını dayandırıblar. Ancaq bu həm də idxalın azalması, enerji daşıyıcılarının və ərzağın bütün dünyada rekord həddə bahalaşması ilə nəticələnir.
Putin istəyir və gözləyir ki, dünya bu bahalaşma qarşısında təslim olub sanksiyaları aradan qaldırsın və Ukraynanın bəzi ərazilərini Moskvaya güzəştə getsin. Biz, nə qədər çətin olsa da, Putinin qalib gəlməsinə imkan verə bilmərik.
Bahalaşmada tələbatın artmasının da rolu var. Pandemiya məhdudiyyətləri azaldıqca amerikalılar ölkədə və xaricdə çimərliklərə, əyləncə mərkəzlərinə, ayrı-ayrı şəhərlərə səfərlərə çıxırlar və yaxud çıxmağı planlaşdırırlar. Hava limanları demək olar pandemiyadan əvvəlki qaydada dolub-daşır. Nəzərə alaq ki, istirahət mərkəzlərindən geriyə – evinə, işinə, məktəbinə qayıdan ailələrin də sayı az deyil.
ABŞ prezidenti Cozef Bayden vəziyyəti qısa müddətdə düzəldə bilməz. O, artıq milli strateji neft ehtiyatlarından daha artıq neft çıxarılmasına qərar verib və biz bunu alqışlamışıq.
Doğrudan da, qiymətlərin nəzərəçarpacaq dərəcədə enməsi üçün ya təklif çoxalmalı, ya da tələbat əhəmiyyətli dərəcədə aşağı düşməlidir.
Aztəminatlı və orta təbəqədən olan ailələrin daha az yanacaq işlətdiyi artıq hiss olunmaqdadır. Ölkədə keçirilən sorğuların birində yetkin yaşlı insanların 60 faizi avtomobil sürməyi azaltdığını söyləyib.
Təklifə gəlincə, xaricdə, yəni ABŞ-dan kənarda neft hasil edən əsas ölkələr neft tədarükünü artırmaq barədə öhdəlik götürüblər, amma bu artım hələ ki, cüzi səviyyədədir.
Cozef Bayden Səudiyyə Ərəbistanından, İrandan və Venesueladan əlavə neft istəmək yolunu tutmamalıdır. Çünki hər hansı sanksiyanın ləğvi və ya dövlətlərarası münasibətlərin bərpası yalnız mühüm faydalar, o cümlədən siyasi güzəştlər qarşılığında olmalıdır.
Problemin köklü həlli yerli neft istehsalçılarının ixtiyarındadır. Deyilənə görə, onlar əllərindən gələni edirlər.
ABŞ-da neft hasilatının artırılmasına 2021-ci ilin dekabrından başlanıb. Ancaq hasilatın həcmi hələlik 2020-ci ilin əvvəlindəki səviyyədən xeyli aşağıdır. 2020-ci ilin əvvəlində pandemiya səbəbindən dünyanın bir çox yerində qapanmalar start götürmüş, neftin qiyməti aşağı düşmüş, neft şirkətləri böyük itkilərə məruz qalmışdı. Ona görə ölkədə neft hasilatının artırılması məsələsi ciddi mübahisə mövzusu idi.
Prezident Bayden və onun komandası hasilatın artırılmasına stimul vermək üçün yerli neft istehsalçıları ilə daha sıx əlaqə saxlamalıdır.
Bayden və komandası şirkətlərə xatırlatmalıdır ki, sürətli bahalaşma nəticəsində onların gəlirlərinin artması Uoll Striti – Nyu-Yorkun maliyyə mərkəzini sevindirə bilər, ancaq bu, amerikalı ailələrə və ABŞ-ın Ukraynada müharibəni dayandırmaq cəhdlərinə ziyan vurur.
Mənbə: Washingtonpost.com