İqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana gəlmiş turistlərin ölkələr üzrə adambaşına xərclərinə nəzər salıb: “Ən çox Kanada vətəndaşları pul xərcləyib – 279 turist gəlib, onların adambaşına xərclədiyi vəsait 2806 manat olub.
İkinci yerdə ABŞ vətəndaşlarıdır – 1438 turist gəlib, onların adambaşına xərcləri 2684 manat göstərilib.
Qətərli turistlər adambaşına 2615 manat, yaponiyalılar 2374 manat, avstraliyalılar 2146 manat, Avropa İttifaqı ölkələrindən gələnlər 1600-1944 manat arası xərc çəkiblər.
Ən az pul xərcləyənlər Gürcüstandan (adambaşına 490 manat), Türkmənistandan (adambaşına 710 manat) və Qırğızıstandan (adambaşına 904 manat) gəlmiş turistlərdir.
Bahalı, çox pul xərcləyən turistlərin ölkələrinə Azərbaycan hələ də viza tətbiq edir. Doğrudur, qaydalar xeyli asanlaşıb, elektron viza da var, amma ABŞ, Kanada, Yaponiya, Avropa İttifaqı ölkələri vətəndaşlarından niyə viza istənir ki? Bunun səbəbi, məqsədi nədir? Vizanı o ölkələr tətbiq edir ki, gələnlərə nəzarət etsin, heç kim pasportunu cırıb, məsələn, ABŞ-da, Avropa İttifaqı ölkələrində qalmasın. Biz niyə tətbiq edirik ki? Amerikalı, fransalı, yaponiyalı Bakıya çatan kimi pasportunu gəmirib burada qalmağa çalışacaq? Axı bir tək elə vizaya görə Gürcüstana (bu ölkə ABŞ, Yaponiya və Avropa İttifaqı ölkələri vətəndaşları üçün vizaları 2006-cı ildən ləğv edib) gələn avropalı və amerikalı Bakıya gələ bilmir.
Kimsə bunu təhlükəsizliklə izah etməyə çalışsa, inanmayın – viza ilə də, vizasız da gələn nəzarətdən keçib sonra məmləkətə buraxılır, kimdənsə şübhələnsələr, ölkəyə buraxmasınlar”.