Vergiler.az saytı qısaldılmış iş vaxtının tətbiqi ilə bağlı arayış yayıb. Arayışda bildirilir ki, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatı, 16 yaşdan 18 yaşadək işçilər və I, II dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatı ötməməlidir.
Qısaldılmış iş vaxtının tətbiqinin əsasları üç səbəblə əlaqəlidir: işçilərin yaşı, səhhəti; əmək şəraiti; əmək funksiyaları.
Əmək Məcəlləsinin 91-ci maddəsində məhdudiyyət həftəlik iş vaxtına təyin olunub. Yəni işçi həftəlik 36 saatdan çox olmamaq şərti ilə gündəlik 8 saat çalışa bilər. Tutaq ki, II dərəcə əlilliyi olan işçi həftəlik beş iş günü olmaqla çalışır. Bu zaman o, həftənin dörd iş gününü 8 saat, bir iş gününü 4 saat (32+4) çalışa bilər. Yəni əsas şərt həftəlik 36 saat normasının gözlənməsidir.
Tutaq ki, həftəlik 40 saat çalışan qadın bir müddət sonra hamilə olması ilə bağlı təsdiqedici sənədi (qadın məsləhətxanasından arayış) təqdim edib. Bu zaman həmin qadına aid əmək müqaviləsində dəyişiklik edilərək həftəlik 36 saat iş vaxtı müəyyən olunur və elektron informasiya sistemində müvafiq dəyişiklik aparılır. Dəyişikliklə bağlı əlavə sənədləşdirmənin aparılmasına ehtiyac yoxdur.
Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Əmək şəraiti ağır zərərli olan işlər Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il qərarı ilə təsdiq edilmiş siyahıda yer alır.
Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərti ilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin xüsusi xarakterli vəzifələr Nazirlər Kabinetinin 12 avqust 2003-cü il qərarı ilə təsdiq edilmiş siyahı ilə müəyyən olunub.