Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu əsas götürən Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrini əlaqəli şəkildə şərh edib.
Rəsmi məlumata görə, sorğuda qeyd olunub ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi göstərilib: “Məcəllənin 32.1-ci maddəsinə əsasən, icraçı, təşkilatçı, təhrikçi və köməkçi cinayətin iştirakçıları hesab olunurlar. 33-cü maddəyə görə, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə məcəllənin 32-ci maddəsinə istinad edilmədən, məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
Məcəllənin 33.3-cü maddəsində isə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə (cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla) 32-ci maddəyə istinad edilməklə məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi göstərilib.
Cinayəti bir qrup şəxsin, qabaqcadan əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin (cinayətkar təşkilatın) törətməsi halları 34-cü maddə ilə tənzimlənir. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin törədilməsində birgə icraçı olmadıqda, yəni cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (tam və ya bir hissəsinin) icrasında iştirak etmədikdə bir icraçının törətdiyi cinayətin qabaqcadan əlbir olan bir qrup şəxsin törətdiyi cinayət hesab olunub-olunmaması və bütün iştirakçıların əməllərinin müvafiq tövsifedici əlamət üzrə tövsif edilib-edilməməsinə dair fərqli mövqelər mövcuddur. Bu səbəbdən sorğu verən vahid təcrübənin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin şərh olunmasının zəruriliyi qənaətinə gəlib”.
Plenumun qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda əməl qabaqcadan əlbir olan bir qrup şəxsin törətdiyi cinayət kimi qiymətləndirilə bilməz: “Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayəti qabaqcadan əlbir olan iki və daha çox şəxs törətmədikdə onun əməlləri məcəllənin 32-ci maddəsinə istinad edilməklə məcəllənin xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir”.