Siyasi Məhbuslara Azadlıq İttifaqı iyunun 6-da yeni siyahı yayıb. “Turan”ın məlumatına görə, hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənovun birləşdiyi ittifaq siyasi məhbus saydığı 100 şəxsi 6 qrupa ayırıb. Jurnalistlər və bloqçular bölümündə 4, müxalif partiyaların və hərəkatların üzvləri bölümündə 9, inanclılar bölümündə 19 şəxs yer alır. 27 nəfərin “Tərtər işi”, 27 nəfərin “Gəncə işi” üzrə həbs edildiyi, 14 nəfərin ömürlük məhkum olduğu bildirilir.
Avropa Şurasının meyarlarına əsasən, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, dini radikallar olan həmin şəxslər polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman iki polis zabiti həlak olub.
Gəncə hadisələrinə görə xeyli şəxs cinayət məsuliyyətinə alınıb. Yunis Səfərov ömürlük həbs cəzasına məhkum edilib.
2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırdığı barədə məlumat əsasında tədbirlər aparılıb, bir qrup hərbi qulluqçu və mülki şəxsin düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi üzə çıxıb. Xeyli şəxsin cinayət məsuliyyətinə alındığı bu iş “Tərtər işi” adı ilə tanınır.