“Ah, bu sevgi əsdi-keçdi meh kimi!” (Lorkanın şeirləri)
- 06 İyun 2022
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
5 iyun – 38 yaşında faşistərin qətlə yetirdiyi görkəmli ispan şairi Federiko Qarsia Lorkanın doğum günüdür.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Mahir N. Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə Lorka yaradıcılığının mükəmməl cildini çapa hazırlayıb.
Cildə əndəlüslü şairin məşhur “Kante xondo poeması”, “İqnasio Sançes Mexiasa ağı”, “Şair Nyu-Yorkda”, “Tamarit divanı”, “Sirli sevgi sonetləri” kitabları, müxtəlif illərdə yazdığı, İspaniyada dillər əzbəri olan lirik şerləri, nəğmələri, romansları, sonetləri, balladaları daxil edilib.
ADELİNA
Yox dənizdə portağaldan,
Sevilyada eşqdən əsər!
Qəşəng qız,
ver çətirini –
alışdım yandım istidən!
Amma limon şirəsitək
nahaq turşutdun üzünü;
sözlərin də dörd yanında
xırda balıqlartək üzür.
Dənizdə portağal qəhət.
Bəs eşq necə?!
Yoxdu o da!
Aman Tanrım,
məhəbbət yox,
sevgi yoxdu Sevilyada.
KƏND
Çılpaq dağın ətəyində
balaca kilsə.
Qaranlıqda gözə dəymir
bir özgə kimsə.
Gözyaşıtək duru sular
çatıb qaşını,
Qoca zeytun ağacları
əyib başını.
Dar küçədə arxalıqlı
beş-üç adam var.
Bir də qüllənin başında
tanış yelqovan –
Bütün günü hey fırlanır
ara vermədən,
Gecə-gündüz, gündüz-gecə –
sonsuza qədər.
Sən ey mənim qəmli yurdum,
ah, Əndəlüsüm,
Göz yaşında itib-batmış
kəndim, ulusum…
ÜÇ ÇAY HAQQINDA KİÇİK BALLADA
Axır Qvadalkivir
portağal bağlarının kölgəsində.
Axır iki çayın, ey Qranada,
axır qarlı dağların zirvəsindən.
Ah, bu sevgi
bir daha dönməz geri!
Od tutub alışır nar çiçəkləri
qıvrıla-qıvrıla axan sularda.
Axır iki çayın, ey Qranada,
biri göz yaşıyla, o biri qanla.
Ah, bu sevgi
əsdi-keçdi meh kimi!
Sevilyada göz oxşayan yol da var
ağ yelkənli qayıqçılardan ötrü.
Sənin çaylarında, ey Qranada,
üzən yalnız ahlar, iniltilərdi.
Ah, bu sevgi
bir daha dönməz geri!
O çaylar dənizə qovuşan yerdə
bir cüt uçuq kilsə, bir çan qülləsi.
Limon bağlarında, ey Qranada,
yenə soyuq-soyuq küləklər əsir.
Ah, bu sevgi
əsdi-keçdi meh kimi!
Daşıya bilərmi sular, görəsən,
bu ağrının yanğısını sonacan?
Ah, bu sevgi
bir daha dönməz geri!
Yox, bu çaylar Əndəlüs dənizinə
portağal çiçəyi aparır ancaq…
Ah, bu sevgi
əsdi-keçdi meh kimi!
ATLININ NƏĞMƏSİ
Kordoba
uzaqlarda tək-tənha.
Ay başımın üstdə,
köhlənim qara,
heybəm zeytunla dolu –
amma Kordobaya gedib çatmaram,
yaxşı tanısam da bu uzun yolu.
Gecə Ay qırmızı,
köhlənim qara,
geniş düzənlikdən keçdim yel kimi.
Qüllədən gözünü dikib yollara
əcəl Kordobada gözləyir məni.
Bu yollar nə qədər uzunmuş, Allah!
Atım çapıb gedir qorxu bilmədən.
Amma Kordobanı görməzdən qabaq
Qorxuram ölümlə qarşılaşım mən!
Kordoba
uzaqlarda tək-tənha.
DÖYÜLƏN QARAÇININ NƏĞMƏSİ
Sinirdim otuz zərbəni,
dözdüm şillə-qapazlara!
Anacığım bükər məni
gecə gümüş kağızlara.
Aman, zalım gözətçi,
bir qurtum su ver, içim!
Sizdən iltimasım budur!
İstədiyim təkcə sudur!
Heç olmasa, bircə içim!
Heç olmasa, bircə udum!
Vurma, zalım gözətçi,
üz-gözüm qan içində!
Sən ey divanda yayxanan
üst qatdakı baş keşikçi!
Yoxmu bir ipək dəsmalın
üz-gözümü silmək üçün?!
ƏSİR QIZ
Uzaqdan bir qız gəlir,
bir qız gəlir uzaqdan.
Sanki çağlayan bulaq,
sanki qaynar həyatdı!
Əzilir yaş budaqlar
ayaqlarının altda.
Uzaqdan bir qız gəlir,
bir qız gəlir uzaqdan.
Balaca bir güzgü var
incə, ağ əllərində.
İşıqlanır çöhrəsi
səhər şəfəqlərində.
Uzaqdan bir qız gəlir,
bir qız gəlir uzaqdan.
Gecənin qaranlığı
qəfil kəsdi yolunu.
Toranda bir anlığa
çaşdı, azdı yolunu.
Uzaqdan bir qız gəlir,
bir qız gəlir uzaqdan.
Əsir düşdü gecəyə,
şəfəq itdi üzündən.
Ağlayır, yaş yerinə
şeh tökülür gözündən.
Uzaqdan bir qız gəlir,
bir qız gəlir uzaqdan.
DƏNİZ SUYU HAQQINDA BALLADA
Dodaqları göy dəniz,
dişləri köpük dəniz
baxır, baxır bayaqdan,
gülümsəyir uzaqdan…
– Sinəsi göz deşən qız,
nədir gözündəki bu həsrət sənin?
– Dəniz suyudur, ağa,
satdığım köpüklü dəniz suyudur.
– Qanı qarışıq oğlan,
nədir şırıldayan damarlarında?
– Qan deyil, sudur, ağa,
dənizin suyunu daşıyıram mən.
– Üzündən seltək axan
duzlu göz yaşları hardandı, ana?
– Dəniz suyudur, ağa,
şor suyu gözümdən axıdıram mən.
– Aç mənə öz sirrini,
ürəyim, bu acı hardandı səndə?
– Yaman acıymış, ağa,
lap zəhər kimiymiş dənizin suyu…
…Dodaqları göy dəniz,
dişləri köpük dəniz
baxır, baxır bayaqdan,
gülümsəyir uzaqdan…
ÖLMÜŞ UŞAĞA QƏZƏL
Hər axşam,
hər axşam bir uşaq ölür,
bir uşaq gömülür Qranadada.
Hər gecə sular da verib baş-başa
danışır bu dərddən, bu qan-qadadan.
Buludlu, buludsuz
qoşa külək var –
ölənlər hamısı yosun qanadlı.
Qüllənin başında
bir cüt qırqovul –
uşaq yarasıtək qürub da qanlı.
Göydə
qaranquşun kölgəsi qalmaz
şərab kahasında səni görüncə.
Yerdə
bulud izi, göy izi qalmaz –
çayın sularına sən gömülüncə.
Batdı sel-suyunda
güllər, köpəklər
dağların başında əriyən qarın.
Uyu bu sahildə,
sən ey buz mələk –
uyu kölgəsində ovuclarımın.
ÇILPAQ UZANMIŞ QADINA QƏSİDƏ
Bu ağ, bu çılpaq bədən
at nalları dəyməyən,
bircə ot da bitməyən hamar torpaqdı, torpaq.
Bu ağ, bu çılpaq bədən
gümüşlə sərhədlənən,
zamanın qapandığı yer üzündən bir soraq.
Ah, bu bədənə baxmaq
sütül gövdədən yana
göz yaşları axıdan leysanı anlamaqdır;
Bir ulduz işığına
həsrət qalan dənizin
qırışıq üzündəki xiffətə ağlamaqdır.
Yataq otaqlarında
nəğmə kimi qəfildən kükrəyən qanın səsi
və qılıncın şimşəktək parlayan sərt tiyəsi
parçalayar bir anda sükutun yaxasını;
Sənsə bilməzsən onda,
anlamazsan heç zaman –
qurbağa ürəyinin harda saxlandığını,
harda gizləndiyini bənövşə yuxusunun.
Ayaqların –
dartılıb gərilən köklər kimi,
dodaqların sərhədsiz dan yerinə bənzəyir.
Yatağında –
o islaq, o yaş güllərin altda
çığırışan ölülər növbəsini gözləyir.
QƏRİBƏ QUMRULAR HAQQINDA QƏSİDƏ
Bir cüt kədərli qumruydu –
dəfnə budağında oturmuşdular.
Biri Günəş, biri Aydı –
mənə qəmli-qəmli yas tutmuşdular.
Aydan soruşdum: “Ay bacı,
de görüm, məzarım mənim hardadı?”
“Köksümdədir”, – söylədi Ay,
Günəş də tez açdı qanadlarını.
Qurşağacan batıb yerə
beləcə gedərkən gördüm uzaqda –
İki qar qartalı uçdu göylərə,
bir də bir çılpaq qız gəzir qıraqda.
Qartalların biri o birisiydi,
çılpaq qızsa heç biri.
Üz tutdum qoşa qartala:
“Bacılar,
məzarım mənim hardadı?”
“Köksümdədir”, – biri dedi;
o biri tez yığdı qanadlarını.
Və mən qartal kölgəsində
iki qumru gördüm – oturmuşdular.
Və mən dəfnə budağında
iki qumru gördüm – yas tutmuşdular.
Biri Günəş, biri Aydı –
biri o biriydi, heç biri yoxdu.
Yox idilər ayrı-ayrı –
hər ikisi birdi, heç biri yoxdu.
Fərqi yox,
gerçəkdi, yoxsa yuxuydu,
ölüydü, diriydi – heç biri yoxdu.
SEVGİ ACISI HAQQINDA SONET
O donuq gözlərində dərin sükuta dalmış
işıqlı möcüzənin itməsindən qorxuram;
Üzüm o gül qoxuyan üzünə toxunmamış
bu urvatsız gecənin bitməsindən qorxuram.
Ürəyim ağrıyır ki, yarpaqsız bir kötüktək
bu çayın qırağında çar-naçar qalmışam mən;
İztirab qurdlarını yemləyib bəsləməkçün
nə palçığım var mənim, nə çiçəyim, nə meyvəm.
İçimdə basdırılmış ən qiymətli xəzinəm,
göz yaşında islanan çarmıxımsan sən mənim,
lap yoxsa da gözündə bir it qədər qiymətim, –
eybi yox, məndə olan qoy məndə qalsın, amma
sən bəzə öz çayının o qırçın sularını
məni tərk edib gedən xəzan yarpaqlarımla.
ŞAİRİN ÖZ SEVGİSİNƏ GÖYƏRÇİN GÖNDƏRDİYİ QONQORİAN SONETİ
Bəyaz, incə qanadlı bu çöl göyərçinini
ürək döyüntüsütək göndərirəm mən sənə;
o, etimad rəmzidir, barışıq elçisidir –
bənzəri var müzəffər bir yunan çələnginə.
Qoy uçsun, ayrılıqdan o sayaq adlasın ki,
incitək parıldasın göylərdə yumşaq tükü.
İsti qanadlar üstdə ağaran qar da, sanki
göllərin üzərində buğlanan ağ köpükdür!
Sığal çəkərsən onun zərif lələklərinə –
ağappaq qanadların yüngülcə titrəyişi
qarlı bir melodiya bəxş eləsin qoy sənə.
Qoy o qar sonatası tutsun bütün dünyanı –
illərdi həsrət çəkən bədbəxt sevgi əsiri
sənsiz bu cür ağlayır. Amma təsəlli hanı?!
GİTARA
Başlanır
gitaranın
yanıq-yanıq naləsi.
Çiliklənir, tökülür
səhərin piyaləsi.
Nalə çəkir gitara!
Ondan sükut ummayın,
nahaqdan üz vurmayın –
çətin, çətin qurtara!
Nalə çəkir gitara!
Ağlayır arx boyunca
sellər ağlaşan kimi,
qarlı çöllər boyunca
yellər ağlaşan kimi…
Allahı sevərsiniz –
yalvarmayın ki sussun!
Qürub o cür ağlayır
dan şəfəqindən ötrü,
O sayaq ağlayır ox –
hədəfdən ki yan ötdü!
Gün altda qovrulan qum
eləcə zulum-zulum,
eləcə için-için
ağlayır bir çiçəyin
sərin kölgəsi üçün!
İlan çalmış quşcuğaz
o cür
dünyadan köçür –
köçür sinəsi dağlı…
Ah, gitara, gitara –
beş amansız xəncərin
biçarə qurbanlığı!
MEMENTO
(Memento latınca unutma deməkdir)
Öləndə –
siz məni çay qırağında
gitaramla qoşa basdırarsınız.
Öləndə…
o köhnə portağallıqda
bir gül ləçəyində siz məni yalnız.
Öləndə –
yelqovan olasıyam mən
küləkli gecələr bir dam belində.
Sükut…
mən öləndə!
Çevirəni: Mahir N.Qarayev