“Ukrayna müharibəsində heç kim bu silahdan gizlənə bilməz” – ABŞ-ın “Nyu-York Tayms” qəzetində bu başlıqda məqalə dərc olunub.
Söhbət üç aydan çoxdur Rusiyanın hərbi təcavüzünə müqavimət göstərən Ukraynanın döyüşlərdə yararlandığı pilotsuz uçuş aparatlarından (PUA) gedir.
Məqalənin müəllifi “Nyu-York Tayms”ın redaktoru Aleks Kinqsberidir.
Novator.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, son 20 ildə ABŞ xaricdə həyata keçirdiyi hərbi əməliyyatlarda dronlarından geniş istifadə edib və bu, amerikalıları bir çox itkilərdən sığortalayıb.
Ukraynanın da Rusiya ilə müharibədə dronlardan tez-tez yararlandığını, işğalçıların gəmilərinə, tanklarına, digər hərbi texnikalarına, canlı qüvvəsinə dronların köməyi ilə endirdiyi zərbələrin videolarını açıq şəkildə mediada, sosial şəbəkələrdə yaydığını xatırladan müəllif bildirir ki, bütün bunlar mütəxəssisləri həm də gələcək müharibələrlə bağlı nəticələr çıxarmağa yönəldir.
Məqalədə deyilir ki, Ukrayna dronlardan əsasən rus qoşunlarının hərəkətini izləmək, zərbə endirmək, habelə rusların viran qoyduğu şəhərlərin vəziyyətini havadan lentə alıb sənədləşdirmək məqsədilə istifadə edir: “Ukrayna Rusiya artilleriyasının Mariupolda və digər şəhərlərdə törətdiyi dəhşətləri, iri miqyaslı dağıntıları PUA-larla lentə alıb. Həmin kadrlar dinc əhaliyə qarşı kütləvi qırğınların həyata keçirildiyini birmənalı təsdiqləyir.
Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Moskva” gəmisinin Qara dənizdə məhv edilməsində də PUA-ların böyük rol oynadığı ehtimal olunur. Deyilənə görə, ukraynalılar əvvəlcə dronlarla “Moskva”nın diqqətini yayındırıblar, sonra isə bir göz qırpımında iki raketlə gəmini vurublar”.
Məqalədə ukraynalıların PUA-lardan artilleriya hücumları zamanı hədəfləri seçmək və artilleriya zərbələrinin dəqiqliyini təmin etmək məqsədilə də yararlandığı vurğulanır. Bildirilir ki, pilotsuz təyyarələrin geniş çeşidi Ukrayna ordusuna döyüş meydanlarında möhkəm dayanmağa, dronlarla edilən, yaxud dronlarla çəkilən hücumların videoları isə ölkəyə informasiya müharibəsində duruş gətirməyə yardımçı olur.
Məqalədə Türkiyə ordusunun İraq və Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatların həyata keçirilməsi, habelə PKK yaraqlıları üzərində müşahidələrin aparılması və onlara zərbələrin endirilməsi zamanı dronlardan yararlandığı xatırladılır, eyni zamanda vurğulanır ki, pilotsuz təyyarələrdən istifadə baxımından Ukrayna müharibəsinə ən yaxın savaş 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 gün davam etmiş müharibədir: “Həmin müharibədə Azərbaycanın PUA-ları Ermənistanın yüzlərlə tankını, zirehli texnikasını, silah-sursatını məhv edib. Azərbaycanın Müdafiə Nazirliyi həm döyüş meydanında öz dron arsenalından məharətlə yararlanıb, həm də həyata keçirdiyi hücumların videolarını müntəzəm şəkildə internetdə yerləşdirərək yayıb.
Bütün bu münaqişələrdən çıxan nəticə ondan ibarətdir ki, dronlardan yaradıcı şəkildə, düzgün istifadə etməklə düşməni qəfil yaxalamaq mümkündür.
May ayında “Nyu-York Tayms” qəzeti Ukrayna hökumətinin internet vasitəsilə başlatdığı, kommersiya tipli dronların alınması üçün ianələr toplanmasına və onları idarə etmək bacarığı olan insanların axtarılmasına hesablanmış kütləvi kampaniya haqda məlumat dərc edib.
Dron müharibəsi canlı pilotları arxa plana keçirir. Gələcək nəsil hərbi dronların bəzisi özü-özünü idarə edəcək, yəni süni intellektə əsaslanacaq: onlar ərazidə dövrə vurub müşahidə aparacaq, düşmən bölmələrini müəyyənləşdirəndə lazımi məqamda özü qərar verib onları məhv edəcək.
Yaxın illərdə dron texnologiyaları təkmilləşəcək, dronlar isə ucuzlaşacaq. Ən qorxulusu odur ki, gələcək münaqişələrdə qoşunlar və mülki şəxslər üçün adamların və maşınların gözündən yayınıb gizlənməyə bir yer tapmaq getdikcə daha çətin olacaq”.
Mənbə: Nytimes.com