Mayın 28-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğan Bakıda keçirilən “Teknofest Azərbaycan” aerokosmik və texnologiya festivalında iştirak ediblər. AZƏRTAC xəbər verir ki, İlham Əliyev çıxışında 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyini xatırladıb: “30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.
Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli prezident Rəcəb Teyyub Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
Rəcəb Teyyub Ərdoğan çıxışında qeyd edib ki, Türkiyə və Azərbaycan kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətdir: “Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”
Həmin gün prezidentlər 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər, həmçinin görüşüb ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlərin müzakirəsini aparıblar.