İqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu ərzaq təhlükəsizliyi məsələsinə diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi pandemiya və iqlim dəyişikliklərinin doğurduğu qlobal ərzaq çatışmazlığını daha da gücləndirib: “Bu sahənin ekspertlərindən biri dünyanın cəmi 10 həftəlik buğda ehtiyatı qaldığını bəyan edir. BMT-nin hesablamalarına əsasən, buğda ehtiyatının azalması 2008-ci ildən bəri ən aşağı səviyyədədir.
İllik 100 milyon tona qədər taxıl istehsalı gözlənən Rusiya ixracı iyunun 30-dək yasaqlayıb, Ukraynanın istehsalı məhdudlaşıb, Qazaxıstan ixraca kvota, Çin və Hindistan müvəqqəti qadağalar tətbiq edib. Durum çox acınacaqlıdır. Belə vəziyyət Azərbaycanı da təsirləndirəcək. Bizdə davamlı qıtlıq gözləmirəm, amma kəskin bahalaşma qaçılmazdır. Xüsusilə də un və un məmulatlarının, hətta buğdadan alınan spirtli içkilərin, o sıradan pivənin qiymətləri artacaq.
Hökumət qlobal trendləri vaxtında və düzgün qiymətləndirməli, xüsusilə də aztəminatlı əhalinin effektiv sosial müdafiəsi və antiinflyasiya istiqamətlərində əlavə tədbirlər həyata keçirməlidir. Təcili olaraq aqrar müşavirə keçirilməli və hazırkı durum dəyərləndirilib bu il üçün gözləntilər və çıxış yolları müzakirə edilməlidir”.
İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli də eyni problemdən yazır: “Dünyada ərzaq buğdası, taxılla bağlı ciddi problemlər yaşanır, qiymət artımı ilə yanaşı çatışmazlıq da var. Azərbaycan ildə istehlak olunan taxılın 80 faizə yaxınını xaricdən alır, hər il bizə 1,2 milyon tona yaxın ərzaqlıq buğda idxal etmək lazımdır ki, daxili tələbatı ödəyək.
2021-ci ilin yanvar-aprel aylarında ölkəyə idxal olunan taxılın həcmi 365 min 348 ton, hər ton üçün orta qiymət 254,5 dollar olub.
2022-ci ilin eyni dövründə isə ölkəyə 308 min 42 ton taxıl gətirilib, orta qiymət 341,7 dollar təşkil edib. Yəni son bir ildə buğdanın tonu 87,2 dollar (148 manat) bahalaşıb.
Ötən ilin ilk dörd ayına nisbətən ölkəyə gətirilən taxılın həcmi 57 min 306 ton azalıb. Məmləkətdə Dövlət Taxıl Fondu adlı qurum var, əvvəl Fövqəladə Hallar Nazirliyinin tərkibində idi, ötən ilin oktyabrında həmin qurum və onun funksiyaları Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib. Bu agentliyin saytı yoxdur, məlumat bazasını tapa bilmədim, heç mətbuata açıqlamaları da yoxdur. Bu suallar havadadır: Azərbaycanın nə qədər taxıl ehtiyatı var? Bu ehtiyatlar hansı müddətə bəs edər? İdxal etdiyimiz taxılın qiymətində hər tona 150 manata yaxın artım var – çörək və un məmulatları bahalaşacaq, hökumətin bu bahalaşmanın qarşısını ala biləcək kompensasiya və dotasiya mexanizmləri varmı?”