Əli Kərimli
AXCP sədri
Rusiya nəyin, kimin naminə bu qədər ağır itkilərə gedir? Ukrayna ilə müharibə, onun davam etməsi Rusiyada kimə, kimlərə lazımdır? Bu savaşın uzanmasından kimlər qazanır?
…Rusiyada ən böyük güc hərbçilərdir. Savaşdan öncə yəqin ki, Rusiya ordusunun ən azı rəhbərliyi savaşa tərəfdar idi. Hərbi rəhbərlik tez və asan qələbəyə ümid edirdi. Generallar güman edirdi ki, növbəti hərbi qələbə həm ordunun nüfuzunu artıracaq, həm də Qərblə qarşıdurmanın dərinləşməsi orduya daha çox vəsait ayrılmasına və deməli, korrupsiya büdcəsinin də böyüməsinə əsas yaradacaq.
Ancaq generalların ümidləri boşa çıxdı. Rusiyanın bu savaşda nəinki tez və asan, ümumiyyətlə hər hansı qələbəsi gözlənmir. Rusiya ordusu çox ağır itkilər verir. Böyük pul və nüfuz qazanacağını düşünən generallar həlak olur, ordu yüksək rütbəli və peşəkar hərbçilərini itirir. Müharibənin uzanması bütövlükdə ordunu iflasa aparır. Ordu rəhbərliyi hazırda əlavə və böyük maliyyələşməyə də ümid edə bilməz, sanksiyalar iqtisadiyyatı çökdürüb.
Beləliklə, Rusiya ordusu savaşın davam etməsindən heç nə əldə etmir və savaşın davamı onlara əl vermir.
Putin hakimiyyəti dövründə Rusiyada xüsusi xidmət orqanlarının nüfuzu və siyasi təsiri daha da artıb. Onlar da Ukrayna ilə savaşın sifarişçilərindən idi. Ancaq Rusiya ordusunun hərbi uğursuzluğu çekistləri də çətin vəziyyətə salıb. Hərbi məğlubiyyətin hesabı daha çox onlara kəsiləcək. Məğlubiyyət və itkilər nə qədər böyük olsa, xüsusi xidmətlərin üzərinə düşən məsuliyyət də o qədər böyük olacaq.
Beləliklə, xüsusi xidmət orqanları da savaşın Rusiya dövlətinin tam tükənməsinə qədər davam etməsində maraqlı ola bilməz.
Rusiya oliqarxları, milyarderləri də bu ölkədə çox təsirli qüvvə idilər. Savaşdan ən çox itirən də onlardır. Onlar əllərindən gələni etməyə hazırdırlar ki, Rusiya savaşı durdursun.
Rusiyada iqtisadiyyat xeyli dərəcədə liberal olub. 10 illər ərzində milyonlarla iş adamı, orta təbəqə formalaşıb. Onlar da Rusiyadakı hazırkı vəziyyətə görə ən çox itirənlər sırasındadırlar. Rusiyadakı iş adamları, kiçik, orta, böyük biznes ölkənin iqtisadi çöküşünün durdurulması üçün fürsət gözləyir. Onlar bu savaşdan çox itirirlər və onun davamını istəmirlər.
Rusiyada Ukrayna ilə savaşın ən böyük zərərçəkəni isə sadə əhalidir. Sanksiyalar Rusiya iqtisadiyyatını boğduqca ölkədə işsizlik artır, daha çox da yüksək maaş verən iş yerləri bağlanır. Bahalıq, inflyasiya pensiya, maaş və müavinətləri de-fakto kiçildir. Rusiya əhalisi bundan sonra illərlə qıtlıq, bahalıq, yoxsulluq şəraitində yaşamalı olacaq. Deməli, sadə rusiyalılara da bu savaşın davamı lazım deyil.
Bəs Rusiya savaşı nəyə görə, kimin üçün davam etdirir? Axı savaşın hər bir gün uzanması 900 milyon dollar birbaşa xərcdir, əldə olunmayan (itirilən) qazanc da tezliklə gündə 1 milyard dollardan da artıq olacaq. Üstəlik, hər gün yüzlərlə gəncin ölməsi, ağır yaralanması, hər gün minlərlə rusiyalının ölkəni tərk etməsi çox ağır məhrumiyyətdir. Bu qədər məhrumiyyətə nəyə görə, kimlərin naminə gedir Rusiya?
Böyük bir dövlət bircə nəfərin ambisiyasının, hikkəsinin girovuna çevrilib. Axı Rusiyada da “nəyi, necə, nə vaxt etməyi” yalnız bir nəfər bilir. Putin hərbi əməliyyata başlamaq qərarı veribsə, hər şeyin plan üzrə getdiyini deyibsə, bütün ölkə yığışıb onu haqlı çıxarmalıdır. Ölkə 100 minlərlə gənc övladını itirə bilər, ordusu, iqtisadiyyatı faktiki dağıla bilər, ölkə inkişafda 10 illərlə geriyə düşə bilər, dünyadan təcrid oluna bilər, milyonlarla rusiyalı qıtlıq, yoxsulluq şəraitində yaşaya bilər, ancaq əsas odur ki, Putin haqlı çıxsın, onun şöhrətinə xələl gəlməsin. Budur Rusiyanın bu mənasız savaşı davam etdirməsinin məntiqi…