AXCP sədri Əli Kərimli əmək pensiyası yaşına çatmış siyasi xadim İsa Qəmbərə 180 manat aylıq müavinət təyin olunmasına münasibət bildirib: “İsa Qəmbərə dövlət adından 180 manat müavinət verilməsi heç bir bəraəti olmayan hərəkətdir. Dövlət adına utanmalı faktdır. İsa bəy Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin rəhbərlərindən, istiqlalçı millət vəkilidir. Milli Məclisin ilk sədri olub, hətta bir müddət prezident vəzifəsini də icra edib. Belə bir şəxsə sadəcə yaşa görə 180 manat müavinət təyin etmək böyük ədalətsizlik deyilmi?
Bu ədalətsizlik digər istiqlalçı millət vəkillərinə qarşı da edilir. Rejimin 1990-1995-ci illərdə millət vəkili olmuş şəxsləri millət vəkili pensiyasından məhrum etməsi nəticəsində xeyli istiqlalçı ömrünün son illərini maddi məhrumiyyət içində yaşayaraq dünyadan köçüb. Hökumət gec də olsa öz səhvini düzəltməlidir.
Ölkənin ən bacarıqsız, savadsız şəxslərinin xalq malını oğurlamaqla milyarder, oliqarx olduğu, siyasətdən anlayışı olmayan mafiozların deputat, nazir təyin edildiyi ölkəmizdə bu dövlətin müstəqilliyinin bərpasında böyük xidmətləri olan istiqlalçı millət vəkillərinə, tanınmış dövlət xadimlərinə qarşı qərəzli münasibət ictimai vicdanı narahat edir.
Azərbaycan hakimiyyəti bu ciddi səhvini düzəltməli, İsa Qəmbərin keçmiş spiker kimi, digər istiqlalçı millət vəkillərinin də keçmiş millət vəkili kimi pensiya almasını təmin etməlidir”.
Novator.az bildirir ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manatdır. Kişilər 65 yaşda pensiyaya çıxır. Pensiya almaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxsə 180 manat müavinət düşür. Bu şərtlər əsasında 2022-ci il mayın 11-də İsa Qəmbərə 180 manat müavinət təyin edilib.
İsa Qəmbər 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.
1957-ci il təvəllüdlü İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
Vəkili Nemət Kərimli bildirir ki, əslində İsa Qəmbər xüsusi şərtlərlə əmək pensiyası almalıdır: “Əmək pensiyaları haqqında” qanun Milli Məclisin sədri olmuş şəxsə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsilməsini nəzərdə tutur. Hazırda Milli Məclisin sədri 2475 manat maaş alır. Bu məbləğin 80 faizi əvəzinə İsa Qəmbərə 180 manat müavinət verilməsi tam qanunsuzluqdur”.
1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul edilib. Həmin gün 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb. 21 nəfəri vəfat edən həmin şəxslər Azərbaycan tarixinə istiqlalçı deputatlar kimi düşüblər.