Ukraynanın paytaxtı Kiyevdə beş metro stansiyasının adı dəyişdirilir. Novator.az xəbər verir ki, siyahıda “Minsk”, “Dnepr qəhrəmanları”, “Beresteysk”, “Xalqlar dostluğu” və “Lev Tolstoy meydanı” stansiyaları yer alır.
Kiyev Metropoliteni vətəndaşların stansiyalara yeni ad təkliflərini öyrənmək üçün sorğu keçirib.
170 mindən çox adamın iştirak etdiyi sorğuda “Minsk” stansiyası üçün ən çox “Varşava” adı, “Dnepr qəhrəmanları” stansiyası üçün “Ukrayna qəhrəmanları” adı, “Beresteysk” stansiyası üçün “Buça” adı, “Xalqlar dostluğu” stansiyası üçün “Botanika” adı, “Lev Tolstoy meydanı” stansiyası üçün “Vasili Stus” adı təklif olunub.
Metropolitenin mətbuat xidməti bəyan edib ki, stansiyaların adlarını yeniləyən qərar layihəsi hazırlanıb Kiyev Şəhər Şurasına təqdim ediləcək.
Sovet dövründən qalma stansiya adlarının dəyişdirilməsi ideyası Rusiyanın Ukraynaya son hərbi təcavüzü nəticəsində ortaya çıxıb.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub, ölkənin 603 min 548 kvadrat kilometrlik ərazisinin 44 min 170 kvadrat kilometri işğal altına düşüb.
2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Yeni işğal dalğasında Donetsk, Luqansk, Xarkov, Xerson, Nikolayev, Zaporojye vilayətlərində bir çox ərazi Rusiyanın nəzarətinə keçib.
2014-cü ildə hakimiyyətə milli demokratlar gələndən Ukraynada kommunist irsindən imtina siyasəti aparılıb, bu prosesdə yer adları da kütləvi dəyişdirilib.