Ukraynada müharibə başlanandan bəri Rusiyada VPN-lərdən istifadə edənlərin sayı dəfələrlə artıb. Novator.az saytı xəbər verir ki, bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzetində yazı dərc olunub.
VPN (Virtual Private Network) virtual xüsusi şəbəkə deməkdir.
Hökumət internetə senzura tətbiq edəndə bir çox istifadəçi problemi məhz VPN-lə həll etmək yolunu seçir.
VPN ondan istifadə edən şəxsin smartfonundan və ya kompüterindən kənar serverə şifrlənmiş tunel yaradır. Nəticədə istifadəçi bu son nöqtədən internetə ümumi çıxış imkanı qazanır və internetdən istifadə etdiyi zaman saytların operatorları onun kompüterini (smartfonunu) yalnız VPN serveri kimi görür.
Məsələn, əgər siz öz kompüterinizdən, yaxud smartfonunuzdan Almaniyada istifadə edirsinizsə, lakin VPN serveriniz Yaponiyada yerləşirsə, daxil olmaq istədiyiniz saytların operatorları sizin Yaponiyada olduğunuzu düşünəcək. Çünki gizlənqaç oyununu xatırladan bu prosesdə siz internetə öz İP ünvanınızdan (internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı) deyil, VPN serverinin İP ünvanından istifadə etməklə daxil olursunuz.
“Vaşinqton Post” qəzeti yazır ki, Ukraynada müharibə başlanana, yəni fevralın 24-nə qədər Rusiyada ən populyar 10 VPN-in gündəlik yüklənmə sayı 15 mindən az olub.
Müharibə başlanandan sonra Rusiyada VPN yükləmələrinin sayı sürətlə artıb və mart ayında gündəlik göstərici 475 minə çatıb.
Sonrakı dövrdə də Rusiyada gündəlik VPN yüklənmələrinin sayı yüz minlərlə olub. May ayında günlük göstərici 300 min təşkil edib.
Araşdırmanı “Vaşinqton Post” qəzeti üçün “Apptopia” analitik şirkəti aparıb.
Hesablamaya əsasən, bir rusiyalı adətən bir neçə VPN yükləyir, eyni zamanda hər ay ölkədə milyonlarla yeni VPN istifadəçisi ortaya çıxır.
Rusiyanın TASS agentliyinin məlumatına görə, aprelin əvvəlində ölkənin “Yota” telekommunikasiya operatoru VPN istifadəçilərinin sayının yanvar ayı ilə müqayisədə 53,5 dəfə artdığını açıqlayıb.
“Vaşinqton Post” yazır ki, Rusiyanın həbsdə olan müxalif lideri Aleksey Navalnı ilə bağlılığı olan, rəqəmsal hüquqları müdafiə məqsədilə yaradılan İnterneti Müdafiə Cəmiyyəti martın 20-də öz VPN xidmətini işə salıb. Cəmiyyətin icraçı direktoru Mixail Klimaryovun sözlərinə görə, onların yaratdığı VPN-dən istifadə edənlərin sayı 10 gün ərzində 300 minə çatıb.
Klimaryovun hesablamasına görə, Rusiyada 100 milyon internet istifadəçisinin 30 faizə qədəri artıq VPN-dən yararlanır.
“Putinlə döyüşmək üçün ukraynalılara “Javelin” raketləri, rusiyalılara isə internet lazımdır” – Klimaryov belə deyir.
“Vaşinqton Post” vurğulayır ki, VPN-lərdən geniş istifadə Rusiyada həm milyonlarla insana Ukrayna ilə aparılan müharibənin mahiyyətini dərk etməyə, rusların məruz qaldığı itkilərin həqiqi miqyasını bilməyə, müharibənin rəsmi təbliğatda bəyan edildiyinin əksinə olaraq heç də faşistlərə, nasistlərə qarşı deyil, xalqa qarşı yönəldiyini anlamağa kömək edir, həm də Kremlin nəzarətindən yayınmaq fürsəti yaradır.
Rusiya hakimiyyətinin VPN xidmətlərindən istifadəni daima məhdudlaşdırmağa çalışdığını xatırladan “Vaşinqton Post” yazır: “2017-ci ildə Rusiyada VPN əleyhinə qəbul olunmuş qanuna əsaslanmaqla senzura qaydalarına əməl etməkdən boyun qaçıran 10-dan çox provayder bloklanıb.
Ukraynaya hücumundan əvvəl də, hücumun ilk həftələrində də Rusiya hökuməti “Google” şirkətinə təzyiqi gücləndirərək axtarış sistemindən VPN-lə bağlı minlərlə URL-in (internetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan) silinməsini istəyib. Rusiya hökumətinin sorğusunu cavabsız qoyan “Google” şirkəti isə Moskvanın qadağan etdiyi saytları axtarış sistemində saxlamaqda davam edir”.
“Vaşinqton Post” Rusiya hökumətinin VPN-ləri tamamilə qadağan etmək niyyətində olmadığını da bildirir: “Birincisi ona görə ki, belə bir qadağaya əməl edilməsi texnoloji cəhətdən problemlər yarada bilər. İkincisi də, rusiyalıların bir qismi VPN-lərdən tək siyasi məqsədlə yox, həm də qeyri-siyasi məqsədlərlə yararlanır, necə deyərlər, gündəlik qayğıları unutmaq üçün VPN-lərdən istifadə edir, bu xidmət vasitəsilə əyləncə və ünsiyyət resurslarına daxil olur”.
Aprel ayında Kremlin sözçüsü Dmitri Peskov Belarus televiziyasına açıqlamsında özünün də VPN xidmətindən yararlandığını etiraf edib. O, VPN yükləyib-yükləmədiyinə dair sualı belə cavablandırıb: “Bəli, mən VPN yükləmişəm. Niyə də yükləməyim?”
VPN yükləmək texniki cəhətdən asan məsələdir, bunun üçün yalnız bir neçə düyməni basmaq kifayət edir. Ancaq “Vaşinqton Post” qeyd edir ki, Qərbin sanksiyaları Rusiyanın kredit və debet kartlarını xaricdə faktiki yararsız hala saldığından ölkədə pullu VPN alıb yükləmək çətinləşib. Bu səbəbdən rusiyalıların çoxu pulsuz VPN-lərə üz tutur. Ödənişsiz VPN-lər isə keyfiyyətsiz xidmət göstərə və istifadəçi məlumatlarını sata bilər.
Mart ayında istifadəçi sayı 20 dəfə çoxalan Litvanın “Surfshark” VPN xidmətinin baş direktoru Vitautas Kazyukonis “Vaşinqton Post”a deyib ki, hazırda bəzi rusiyalı müştərilər kriptovalyuta və ya üçüncü ölkələrdəki əlaqələri vasitəsilə ödəniş edərək VPN alır.
Mənbə: Washingtonpost.com