İlqar Məmmədov
REAL Partiyasının sədri
Dünya boyu ictimai fikirdə yanlış bir cərəyan güclənir. Çox insan beynəlxalq münasibətləri beynəlxalq hüquqla səhv salır. Belə təsəvvürlər hökumətlərin təhlükəsizlik siyasətini çaşdırır.
Əslində beynəlxalq hüquq beynəlxalq münasibətlərin ancaq bir hissəsidir. Bəzən böyük və önəmli hissəsi, bəzən kiçik və mənasız – tarixi məqamdan asılı olaraq.
Beynəlxalq münasibətlərin içində ticarət də var, hərbi və iqtisadi güclərin nisbəti də, tarix və mədəniyyət haqqında qarşılıqlı təsəvvürlər də, siyasətçilər arasında şəxsi əlaqələr də…
Kimsə bu sahələrdə ağılsızlıq, ya da haqsızlıq edib təkcə beynəlxalq hüquqa bel bağlayırsa, deməli, ona dövlətin taleyini tapşırmaq hələ tezdir. Milləti fəlakətə aparar.
Digər tərəfdən kimsə bütün başqa sahələrdə haqlı olduğunu deyib mövcud beynəlxalq hüququ pozursa, deməli, bu əməli ilə ya beynəlxalq hüququ qətiyyətli şəkildə yeniləməlidir, ya da boynunu əyib tarixin istənilən hökmünü qəbul etməlidir.