Demokratik Qüvvələrin Milli Şurası jurnalist Aytən Məmmədovanın hücuma məruz qalması ilə bağlı bəyanat yayıb.
Aytən Məmmədovaya mayın 8-i gecə saat 12 radələrində Bakının 9-cu mikrorayonunda, yaşadığı binanın blokunda hücum edilib. Jurnalistin bildirdiyinə görə, orta yaşlı kişi liftdə bıçağı onun boğazına dirəyərək hədələyib, adını çəkmədiyi məhkəmə işindən yazmamaq tələbi qoyub.
Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsi olayı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) araşdırır.
Jurnalist hadisədən təxminən 20 gün əvvəl ev telefonuna zəng vuran bir şəxsin onu hədələdiyini də bəyan edib.
Aytən Məmmədova Nərmin Quliyevanın öldürülməsi ilə bağlı cinayət işindən yazılarına görə qəzəbə tuş gəldiyini düşünür. Bu cinayətə görə tutulan İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
10 yaşlı Nərmin Quliyeva 2019-ci il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. 1973-cü il təvəllüdlü İlkin Süleymanov Dondar Quşçu kəndinin sakinidir. O, məhkəmədə Nərmin Quliyevanın ölümünə aidiyyəti olmadığını deyib, qeyd edib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün ittihamı etiraf ifadəsinə imza atıb. Hüquq müdafiəçiləri İlkin Süleymanovun günahının sübut edilmədiyini bildirir və günahkarların başqa şəxslər olduğu qənaətindədir.
Demokratik Qüvvələrin Milli Şurasının bəyanatında qeyd olunur ki, Aytən Məmmədovaya hücum onun Nərmin Quliyevanın işi kimi tanınan cinayət işini cəsarətlə təqib etməsi və məhkəmə prosesində üzə çıxan saxtakarlıq faktlarını cəmiyyətə təqdim etməsi ilə bağlıdır: “Məhkəmə prosesində təqsirləndirilən İlkin Süleymanovun açıqladığı dəhşətli işgəncə faktları, eləcə də ən azı Baş Prokurorluğun vəzifəli şəxslərinin birbaşa və kobud müdaxilələri və marağı istintaqın həqiqətə işıq salmaqdan çox gerçək cinayətkarları cəzadan yayındırmağa xidmət etməsinə əsaslı şübhələr yaradır.
Aytən Məmmədova qorxmadan, cəsarətlə bu faktların üzərinə gedirdi və heç şübhəsiz, onun boğazına bıçaq dirəyənlər həm də Azərbaycan hüquq mühafizə orqanlarının konstitusion nəzarətdən çıxaraq kriminal qruplaşmaların xidmətçinə çevrilməsinə rəvac verənlərdir.
Bu olay həm də ölkədə medianın gerçək durumunu bütün çılpaqlığı ilə ortaya qoyan faktdır. Media azadlığının səviyyəsinə görə hətta Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Sudan, Ekvatorial Qvineya, Somali, Zumbabvedən də bərbad vəziyyətdə olan Azərbaycanda jurnalistin məhkəmə reportajına görə silahlı hücuma məruz qalması, təhdid edilməsi əslində təəccüb doğurmamalıdır.
Son zamanlar Azərbaycanın dövlət hakimiyyət orqanlarının ya kriminal mafiya ünsürləri qarşısında aciz qalaraq öz funksionallığını itirməsi, yaxud da özünün kriminallaşaraq mafiya idarəçiliyinə transfer etməsinə dəlalət edən bariz olaylarla üz-üzəyik.
Demokratik Qüvvələrin Milli Şurası olaraq Azərbaycan hakimiyyətindən jurnalist Aytən Məmmədovaya qarşı törədilən cinayət əməlinin – silahlı hücumun araşdırılmasını və cinayətkarların cəzalandırılmasını tələb edirik”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.