Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin aprel ayında keçirdiyi valyuta hərraclarında 548,7 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat mayın 4-də yayılıb.
Novator.az bildirir ki, dörd ayın ümumi göstəricisi 2 milyard 173,1 milyon dollardır. Yanvarın hərraclarında fonddan 727 milyon dollar, fevralın hərraclarında 371,2 milyon dollar, martın hərraclarında 526,2 milyon dollar alınıb.
2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manatın sabitliyi valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu 2016-cı ilin hərraclarında 4,9 milyard, 2017-ci ilin hərraclarında 3,6 milyard, 2018-ci ilin hərraclarında 6,5 milyard, 2019-cu ilin hərraclarında 6,6 milyard, 2020-ci ilin hərraclarında 7,3 milyard, 2021-ci ilin hərraclarında 6,7 milyard dollar sərf edib.