Məhbus jurnalist Polad Aslanovun xanımı Gülmira Aslanova aprelin 13-də məlumat yayaraq bildirmişdi ki, Bakının Nizami rayonundakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan yoldaşını aprelin 1-də məhkumlardan biri döyüb. Baş prokurora, Nizami rayon prokuroruna teleqram göndərdiyini, Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkədəki nümayəndəliyinə, Ombudsman Aparatına bilgi verdiyini, Penitensiar Xidmətin binası qarşısında təkbaşına etiraz aksiyası keçirdiyini vurğulayan xanım əlavə etmişdi ki, aprelin 9-da Nizami Rayon Prokurorluğunun müstəntiqi Anar Namazovun qəbulunda olub, ona Polada baş çəkilib ifadəsinin alınacağı, araşdırma aparılacağı, tibbi ekspertiza təyin olunacağı sözü verilib.
Aprelin 25-də Gülmira Aslanova yeni açıqlama yayaraq qeyd edib ki, müstəntiq Anar Namazov hələ də Penitensiar Xidmətdən icazə alıb 1 saylı Cəzaçəkmə Müəssisəsinə gedə bilməyib: “İcazəni yubadırlar, məqsəd də odur ki, Poladın üzündə olan zərbə izləri, hematoma tam getsin, himayə etdikləri məhbus təmizə çıxsın. Prokurorluq da bu işi araşdırmağa maraqlı görünmür”.
Novator.az bildirir ki, Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.
Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.
2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib, 2021-ci il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb, 2022-ci il fevralın 24-də Ali Məhkəmə cəzanı 13 ilə endirib.