2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs hərbi sirr təşkil edən məlumatları xarici düşmənə ötürüb, toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda cinayət işi başlanıb, bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib.
“Tərtər işi” adı ilə tanınan bu iş üzrə yüzlərlə hərbi qulluqçu ermənilərlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.
2021-ci il dekabrın 18-də Baş Prokurorluq məlumat yayaraq bildirib ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçular 2017-ci ilin may-iyun ayları ərzində qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri onların ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar: “Hərbi Prokurorluqda həmin faktlarla bağlı cinayət işləri başlanaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb məhkəmələrə göndərilib, onlar müxtəlif cəzalara məhkum ediliblər.
2021-ci il dekabrın 16-da Baş Prokurorluqda cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib. Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq baş prokurorun xüsusi nəzarətinə götürülüb”.
Baş Prokurorluğun 19 aprel 2022-ci il məlumatına görə, işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb: “Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.
Əvvəllər məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilmiş apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, həmçinin birinci instansiya məhkəmələrində qeyd olunan işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul olunub.
Əvvəllər məhkum olunmuş daha 10 şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən həmin işlər üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü məhkəmələrə apellyasiya protestləri verilib.
Eyni zamanda istintaqla mərhum Quliyev Elçin Mətləb oğlu barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilib.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, həmçinin Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.
Hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan edilib”.