Respublikaçı Alternativ (REAL) Partiyası koronavirus pandemiyası üzrə təhlillər apararaq Azərbaycanın oxşar böhranlara reaksiyası yönündə tövsiyələr irəli sürüb. Novator.az sənəddən bəzi məqamları təqdim edir:
– Böhran təyinatlı rəqəmsal izləmə texnologiyalarının sosial həyata çıxışı məhdudlaşdırmaq üçün istifadəsi, hər hansı başqa ad altında sosial kredit sisteminin faktiki tətbiqi konstitusion qaydada yasaqlanmalıdır.
Koronavirus kimi xəstəliklərlə mübarizə peyvəndlə məhdudlaşmalı deyil, onların erkən müalicəsi və profilaktikası əlçatan edilməlidir.
Təkcə faydalılığı haqda tutarlı, qəti elmi-tibbi sübutların olmaması baxımından deyil, həm də məsələnin etik tərəfi nəzərə alınaraq qismən və ya tam qapanmalar (karantinlər) miqyaslı şəkildə tətbiq edilməməlidir. Qripəbənzər xəstəliklərin pik həddə çatdığı vaxtlarda, məsələn, qış fəsli müddətində sinifdə eyni vaxtda xəstələnənlərin sayı 20-30 faizdən çox olduğu hallarda həmin sinif və məktəblər üçün qısamüddətli karantin nəzərdən keçirilə bilər.
İstər qapalı, istərsə də açıq məkanlarda maskalardan istifadə yalnız könüllü olmalıdır.
Əhalinin hərəkətinin tibbi səbəblərlə məhdudlaşdırılması tədbirlərinin xeyrinə dair tibbi sübutların olmaması ilə yanaşı belə tədbirlərin qeyri-etik olması nəzərə alınaraq bu cür tədbirlər yasaqlanmalıdır.
KİV-də hər hansı xəstəlik haqqında materialların təşviş yaradacaq şəkildə təqdim edilməsi təcrübəsindən imtina edilməlidir.
Dünya Səhiyyə Təşkilatının siyasi və korporativ qərəzliliyi nəzərə alınaraq qurumun xalqın sağlamlığı ilə bağlı bütün məsələlərə, o cümlədən epidemiyalara dair Azərbaycanın suveren qərarlarına təsiri məhdudlaşdırılsın. Xüsusilə də müalicə üsulları haqda qərarlar avtomatik olaraq Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanmalı deyil.
Ölkənin suverenliyi üçün təhlükəli olduğu nəzərə alınaraq BMT-nin pandemiyaya qarşı hazırlıq haqqında beynəlxalq sazişinə qoşulmaq olmaz.
Koronavirus kimi xəstəliklərin diaqnozu müstəsna olaraq etibarsız PCR testə deyil, klinik müşahidələr və təhlillər kompleksinə əsaslanmalıdır.
Epidemioloji risklərin qiymətləndirilməsi üçün milli potensial yaradılmalı və bu potensial ənənəvi meyarlara bağlı olmalıdır: xəstə sayının əhalinin ümumi sayında 5 faizlik həddi keçib-keçməməsi, xəstəxanaya yerləşdirmələrin sayı, reanimasiya şöbələrinin doluluğu və ölüm nisbətləri.
Hər hansı xəstəlik diaqnozunun qoyulmasını mükafatlandıran maliyyə sxemləri yasaqlanmalıdır.
Koronavirus səbəbindən baş verdiyi qeyd edilən ölümlərin statistikası şəffaf qaydada araşdırılmalıdır.
Ölüm səbəbinə dair rəsmi sənəddə müalicə həkimi də daxil olmaqla 2 həkim imzası sistemi tətbiq edilməlidir.
İctimai yerlərdə havalandırma sistemlərinin müntəzəm sazlanması qaydaları təsdiq və qətiyyətlə tətbiq edilməlidir.
İctimai iaşə obyektləri, sinif otaqları və ofislərdə masaların yerləşdirilməsinə dair yeni standartlar tətbiq edilməlidir.
İşçinin, şagirdin və ya tələbənin məsafədən iş və ya təhsil alma üsulunu seçmək və ya seçməmək hüququ qanunvericiliyə daxil edilməlidir…
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni növ koronavirus infeksiyası 219 ölkə, ərazi və məkanda 6,2 milyondan çox adamın ölümünə gətirib. Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son milli hesabata əsasən, infeksiyaya yoluxmuş 792365 nəfərin 9706-sı vəfat edib.
REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Parlamentdə 1 mandatla təmsil olunan quruma İlqar Məmmədov sədrlik edir.