ABŞ-ın “Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “Sosial şəbəkələr Çinin Rusiyadan ötrü gördüyü çirkin əməllərə meydan verməməlidir” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Amerikanın sosial media platformalarının Rusiyanın dövlət KİV-inə qoyduğu məhdudiyyətlər prezident Vladimir Putinin xaricdə təbliğat aparmaq cəhdlərini puça çıxara bilər, bir şərtlə ki, xaricdə bu işi Kremlin əvəzindən görəcək qüvvələr olmasın.
Rusiya Ukraynaya təcavüzə başlayanda Çin özünü bitərəf ölkə, hətta problemin çözülməsinə yardım edə biləcək vicdanlı vasitəçi kimi göstərməyə çalışırdı. Onsuz da buna inanan yox idi, indi heç inanan olmayacaq, çünki Çinin Si Cinpin rejimi Moskvanın xeyrinə dezinformasiya yaymaq öhdəliyi götürüb.
Çinin Xarici İşlər Nazirliyi sözçüsünün bugünlərdə verdiyi bəyanat belə düşünməyə tam əsas yaradır. Sözçü bəyan edib ki, guya Ukrayna ABŞ hökumətinin dəstəyi ilə biloloji silah hazırlayır. Bu, Rusiyanın irəli sürdüyü əsassız iddialara birbaşa qahmar çıxılması deməkdir.
Çin hökumətinin nəzarətindəki media qurumları bu gülünc iddiaları geninə-boluna yaymaqla məşğuldur, o cümlədən internet məkanında, “Facebook” və “YouTube” kimi platformalarda.
Əsassız iddiaların heç olmasa sosial platformalara çıxışını dayandırmaq lazımdır.
Sosial media platformaları Ukrayna məsələsində təcavüzkara münasibətdə əvvəldən sərt mövqe seçib, “Russia Today”, “Sputnik” kimi media qurumlarının və onların tərəfdaşlarının yaydığı saxta məlumatlara sədd çəkib. Düzdür, onlar bunu dövlətin nəzarətində olan KİV-lərlə davranış qaydalarını nəzərdə tutan prinsiplərə söykənməklə etməyiblər.
Amma Çinin “Facebook” şəbəkəsində 1 milyarddan çox izləyiciyə Ukraynanı neonasistlərin idarə etdiyi, onların uşaq xəstəxanalarını bombaladığı, müharibəyə NATO-nun bais olduğu barədə inadkarcasına saxta məlumat aşılaması göstərir ki, dövlət nəzarətindəki KİV-lə davranışı nəzərdə tutan konkret qaydaların tətbiqinə ehtiyac var.
Söhbət çox sadə bir prinsipdən gedir: Çin və Rusiya kimi avtoritar ölkələr öz ərazilərində sosial şəbəkələrin fəaliyyətinə qadağa qoyursa, onda həmin dövlətlərin rəsmi KİV-lərinin sosial şəbəkə məkanına girişi yasaqlanmalıdır.
Əks halda belə çıxacaq ki, repressiv rejimlər vətəndaşları alternativ fikir eşitməkdən məhrum etsələr də, özləri istədikləri yerdə, istədikləri qədər bağıra bilərlər.
Məlumat azadlığını buxovlamış avtoritar dövlətlərin informasiya axınına nəzarətdə bir-birilərinə arxa durması təsadüfi deyil. Ona görə sosial media platformalarının tətbiq edə biləcəyi yeni qaydalar Çinin rəsmi kanallarını sosial şəbəkələrdən kənarlaşdıra, Rusiyanın saxta təbliğatını daha da çətinə sala bilər.
Bu həm Ukraynaya növbəti töhfə, həm də bütün dünyada avtoritar rejimlərə ciddi zərbə olardı.
Mənbə: Washingtonpost.com