Finlandiyanın ordu zabitlərinin 91 faizi ölkənin NATO-ya üzv olmasını istəyir. Novator.az-ın məlumatına görə, Finlandiya Zabitlər Assosiasiyasının mart ayında keçirdiyi sorğu bunu göstərib.
Finlandiya Zabitlər Assosiasiyası həmkarlar təşkilatıdır. Ölkədə ordu zabitlərinin demək olar hamısı bu təşkilatın üzvüdür.
Assosiasiya öz üzvləri arasında tez-tez müxtəlif mövzularda, həmçinin Finlandiyanın NATO-ya daxil olub-olmaması məsələsi ilə bağlı sorğular keçirir.
Finlandiya on illərdir neytral ölkədir. 1995-ci ildən Avropa İttifaqının üzvüdür. NATO ilə sıx əməkdaşlıqda olsa da, ölkə heç vaxt bu hərbi bloka qoşulmağa təşəbbüs göstərməyib.
Amma Finlandiyada mülki vətəndaşlarla müqayisədə hərbçilər həmişə NATO-ya meyilli olublar.
Zabitlər Assosiasiyasının mart ayında keçirdiyi sorğu göstərib ki, Rusiya Ukraynada müharibəyə başlayandan sonra Finlandiyada alyansa üzv olmaq ideyasına tərəfdar çıxan ordu zabitlərinin sayı 26 faiz artıb.
Rusiya Ukraynada müharibəyə 2022-ci il fevralın 24-dən başlayıb. 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edən, eyni zamanda Donbasda iki separatçı rejimin əli ilə ölkənin bu bölgəsinin də bir hissəsini işğal altına alan Moskva Kiyevi 2021-ci ilin yazından yeni müharibə ilə hədələyirdi. 2021-ci ilin payızından müharibə hədələri daha sərt xarakter almışdı.
Finlandiya Zabitlər Assosiasiyasının 2021-ci ilin noyabrında, yəni Rusiyanın Ukraynaya növbəti hərbi təcavüzündən bir neçə ay əvvəl keçirdiyi sorğuda ordu zabitlərinin 65 faizi Finlandiyanı NATO üzvü kimi görmək istədiyini demişdi.
Müharibə başlanandan sonra – 2022-ci ilin martında keçirilən sorğuda Finlandiyanı NATO-da görmək istəyən ordu zabitlərinin sayı 91 faizə qalxıb və ekspertlər bunu əsl sıçrayış kimi qiymətləndirirlər.
Zabitlər Assosiasiyasının sədri, polkovnik-leytenant Ville Viita bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda Finlandiyada NATO tərəfdarlarının sayının artması gözlənilən idi: “Çünki əvvəlki sorğularda da zabitlər Rusiyaya əsas təhdid kimi baxdıqlarını qeyd edirdilər. Təbii ki, zabitlər siyasətdən çox hərbi əməliyyatları düşünürlər. Onlar ölkənin müdafiə qabiliyyətinə arxayındırlar, amma hesab edirlər ki, NATO-ya üzvlük Finlandiya ordusunu daha da möhkəmləndirə bilər”.
Rusiya-Ukrayna müharibəsi Finlandiya cəmiyyətində və hökumətində də NATO-ya meyli gücləndirib. Hazırda Finlandiya xarici işlər nazirinin rəhbərlik etdiyi işçi qrup alyans üzvlüyünə dair ideyanı reallaşdırmağın mümkün yollarına nəzər salır.
Martın 28-də Finlandiya prezidenti Sauli Niinostiio NATO-nun baş katibi Yens Stoltenberqlə alyansa yeni üzvlərin qəbulu ilə bağlı prinsip və prosedurları müzakirə edib.
Aprelin 2-də isə Finlandiyanın baş naziri Sanna Marin deyib ki, ölkənin NATO-ya üzv olub-olmaması barədə qərarı tez bir zamanda, elə bu yaz qəbul etmək lazımdır.
30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir.
NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya.
Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulub. Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub. İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib. Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib. Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunur. Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb. Monteneqro 2017-ci ildən ittifaqdadır. Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.
Hazırda Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna NATO üzvlüyünə namizəd sayılır.