ABŞ-ın “Nyu-York Tayms” qəzetində Rusiyanın “Vaqner” qrupu haqda məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin müxbiri Viktoriya Kimdir. Novator.az saytı məqaləni ingilscədən çevirib oxucuların diqqətinə çatdırır.
Suriya, Liviya və ya Mərkəzi Afrika Respublikasında döyüş meydanlarında olmayanlar, çox güman, “Vaqner” qrupu haqda heç nə eşitməyiblər.
“Vaqner” Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik, muzdlulardan ibarət qeyri-rəsmi hərbi birləşmədir.
Hazırda qrupun üzvləri Putinin Ukraynada apardığı müharibədə də iştirak edir, Rusiya qüvvələri ilə birgə döyüşürlər.
Son bir ayda Ukraynada “Vaqner” üzvlərinin sayı üç dəfədən çox artaraq 1000 nəfəri keçib.
“Vaqner”in keçmiş fəaliyyətini nəzərə alanda bu qruplaşmanın Ukraynanın şərqində, Rusiyanın dəstəklədiyi separatçıların nəzarət etdiyi Donbas bölgəsində peyda olması narahatlıq doğurmaya bilməz.
BMT-nin təhqiqatçıları və hüquq müdafiəçiləri deyirlər ki, “Vaqner” qrupu indiyədək bir sıra münaqişə zonalarında mülki əhaliyə divan tutub, kütləvi edamlar həyata keçirib, mülkləri talan edib.
“Vaqner” necə ortaya çıxıb?
Qrup ilk dəfə 2014-cü ildə Rusiya Krımı ilhaq edərkən meydana çıxıb.
ABŞ hökuməti “Vaqner”i prezident Vladimir Putinlə yaxın əlaqələri olan milyarder Yevgeni Priqojinin maliyyələşdirdiyini bəyan edir.
Priqojinin restoran biznesi var. Onu Rusiya prezidenti üçün dəbdəbəli rəsmi ziyafətlər təşkil etdiyinə görə “Putinin aşpazı” da adlandırırlar.
“Vaqner” adını haradan götürüb?
Qrupun adının istefada olan rus zabit Dmitri Utkinin təxəllüsündən götürüldüyü bildirilir.
Dmitri Utkin “Vaqner”in rəhbəridir. Deyilənə görə, Utkin Hitlerin sevimli bəstəkarı Vaqnerin şərəfinə özünə Vaqner təxəllüsünü götürüb.
Kreml bu rus Vaqnerlə (Dmitri Utkinlə) əlaqəsinin olduğunu inkar etsə də, Utkinin Putinlə yanaşı fotosu var.
“Vaqner” qrupu harada yerləşir?
Qrup dünyanın heç bir yerində hüquqi şəxs kimi qeydiyyata alınmayıb.
Rusiya qanunvericiliyi ölkədə muzdluların olmasını yasaq edir. Ancaq qeyri-rəsmi şəkildə muzdlular mövcuddur.
Hesab edilir ki, muzdluların olması Rusiyaya döyüş meydanında rəsmi itkilərinin sayını azaltmağa, eyni zamanda vəhşilikləri ört-basdır etməyə, yəni amansız zorakılıqlarda əli olduğunu inkar etməyə imkan verir.
Ukraynada muzdlu döyüşçülər Rusiyaya nəyə gərə lazımdır?
ABŞ kəşfiyyatı, ekspertlər, o cümlədən Britaniyanın elektron kəşfiyyatı həyata keçirən agentliyinin direktoru Ceremi Fleminq hesab edir ki, Putin döyüş təcrübəsi olan əlavə qüvvələri Ukraynaya ağır itkilərə məruz qaldığına görə göndərir.
Ceremi Fleminqin fikrincə, Rusiya öz muzdlularını qurban verməklə rəsmi hərbi itkilərinin sayını azaltmağa çalışır.
“Vaqner” qrupu döyüşçüləri haradan yığır?
Pentaqon təmsilçisi Con Kirbi qrupdakı bəzi döyüşçülərin Suriya və Liviyadan cəlb olunduğunu ehtimal edir.
Onun sözlərinə görə, Rusiya “Vaqner” döyüşçülərini Ukraynanın şərqindəki (Donbasdakı) qoşunlarına dəstək üçün cəlb edir.
Bunun bir səbəbi də odur ki, “Vaqner” son səkkiz ildə Donbasda döyüş təcrübəsi qazanmış qrupdur.
“Vaqner”dən hansı ölkələrdə istifadə olunur?
“Vaqner” üzvləri Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və Ukrayna ilə yanaşı Sudan, Mali və Mozambikdə də döyüşüb.
Onlar bu dövlətlərdə avtoritar liderlərin tapşırıqlarını yerinə yetirməklə, bəzən neft-qaz yataqlarını ələ keçirməklə, nəticədə dolayı yolla həmin ərazilərdə Rusiyanın maraqlarını, təsirini möhkəmləndirməklə məşğul olub.
Getdikcə “Vaqner” qrupunun bir növ Qərbdəki hərbi tədarükçülər kimi öz fəaliyyətinə qanuni don geydirməyə çalışdığı da müşahidə edilir.
Mənbə: Nytimes.com