Narkotik cinayətlərinə görə məsuliyyət sərtləşir. Novator.az bildirir ki, Milli Məclisə daxil olan qanun layihəsində Cinayət Məcəlləsinin uyğun maddələri belə yenilənir:
Maddə 234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
234.1-1. Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
234.3. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma – 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
234.3-1. Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə – 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
234.4. Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
234.4.2. təkrar törədildikdə;
234.4.3. külli miqdarda törədildikdə;
234.4.4. kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə – 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
234.4-1. Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması – min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 235. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə
235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə – 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
235.2. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb etmə – 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
235.3. Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
235.3.2. təkrar törədildikdə;
235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə – 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
235.4. Məcəllənin 235.1-235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
235.4.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
235.4.2. külli miqdarda törədildikdə;
235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə – 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
235.5. Məcəllənin 235.1-235.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – 10 ildən 17 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 237. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə
237.1. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) – üç min manatdan altı min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
237.2. Eyni hərəkətlər:
237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
237.2.2. təkrar törədildikdə;
237.2.3. külli miqdarda törədildikdə – 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
237.3. Məcəllənin 237.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 240. Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi
240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma – 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
240.1-1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma – 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
240.2. Məcəllənin 240.1 və 240.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər:
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
240.2.2. təkrar törədildikdə – 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
240.3. Məcəllənin 240.1, 240.1-1 və 240.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə – 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması, buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda – min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
240.3-1. Məcəllənin 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə – 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.