İrlandiya Respublikası əhalisinin yarıdan çoxu ölkənin hərbi gücünü artırmağın tərəfdarıdır. Novator.az-ın məlumatına görə, İrlandiyada keçirilən yeni sorğunun nəticələri bunu göstərib.
Sorğunu “İrish Business Post” qəzeti və “Red C” Tədqiqat Mərkəzi birgə aparıb.
ABŞ-ın “Politico” qəzetinin yazdığına görə, respondentlərin 59 faizi ölkənin hərbi xərcləri artırmasını istəyib, 28 faizi isə bunun əleyhinə çıxıb.
Rəyi soruşulanların 48 faizi bildirib ki, təhlükəsizliyi möhkəmləndirmək üçün İrlandiya NATO-ya üzv olmalıdır. 39 faiz bu ideyanı dəstəkləməyib.
Sorğu iştirakçılarının yarısı deyib ki, irlandiyalı əsgərlərin gələcəkdə yaradılacağı ehtimal edilən Avropa ordusunda xidmət keçməsi məsələsi referenduma çıxarılsa, bu təklifin lehinə səs verərdi.
Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşən, əhalisinin sayı 5 milyon nəfərə yaxın olan İrlandiya Respublikası Avropa İttifaqının üzvü olsa da, hərbi baxımdan neytral ölkədir. Ölkə neytrallıq siyasətindən əl çəkməlidirmi? Sorğu zamanı respondentlərin 57 faizi bu suala yox cavabı verib.
Rəyi öyrənilənlərin 39 faizi deyib ki, İrlandiya Rusiyanın təcavüzü ilə üzləşmiş Ukraynaya silah-sursat yardımı göndərməlidir.
Sorğu Rusiyanın Ukraynaya hərbi hücumunun bir ayının tamamında keçirilib.
Hücumdan bir ay qabaq – yanvar ayında keçirilən sorğuda İrlandiyanın NATO-ya üzv olması ideyasını respondentlərin 34 faizi dəstəkləmişdi.
İrlandiya Avropa İttifaqında hərbi sahəyə ən az vəsait ayıran ölkədir. Ölkədə ümumi daxili məhsulun yalnız 0,2 faizi müdafiəyə sərf olunur.
“İrish Business Post” qəzeti və “Red C” Tədqiqat Mərkəzinin mart ayında keçirdiyi sorğu İrlandiya cəmiyyətində hərbi neytrallıq məsələsinə münasibətdə ziddiyyətləri də üzə çıxıb. Belə ki, respondentlərin 48 faizi İrlandiyanın NATO-ya üzv olması ideyasını dəstəkləyib, o biri yandan da “Ölkə neytrallıq siyasətindən əl çəkməlidirmi” sualına iştirakçıların 57 faizi yox cavabı verib.
İstənilən halda ekspertlər Rusiyanın Ukraynada apardığı müharibənin İrlandiyada ictimai rəyi çox sürətlə dəyişməkdə olduğunu vurğulayırlar.
Ukrayna müharibəsi Avropa İttifaqının üzvü olan başqa neytral dövlətlərdə – Finlandiya və İsveçdə də əhalinin NATO-ya üzvlük məsələsinə münasibətini dəyişməyə başlayıb. Ona görə hər iki ölkədə hökumət səviyyəsində də hərbi bloklara qoşulmama siyasətinə yenidən baxılması istiqamətində diskussiyalara start verilib.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.
30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir. NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya.
Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulub. Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub. İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib. Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib. Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunur. Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb. Monteneqro 2017-ci ildən ittifaqdadır. Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.
Hazırda Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna NATO üzvlüyünə namizəd sayılır.
Mənbə: Politico.eu