Respublikaçı Alternativ Partiyasının funksioneri, iqtisadçı ekspert Natiq Cəfərli dünyanın mütərəqqi ideyalar yoxluğu yaşadığını düşünür. Novator.az-ın məlumatına görə, o yazır ki, SSRİ-nin yaranmasından, əsas da İkinci Dünya savaşından sonra siyasət sadələşmiş, ikiqütblülük yaranmış, problemlərə baxış asanlaşmışdı: “1945-1990-cı illər arası beynəlxalq siyasətdə hər şey sadə idi – ABŞ və SSRİ dünyanı öz aralarında bölmüşdülər, hər birinin öz “hekayəsi” olsa da, metodları aşağı-yuxarı eyni idi. ABŞ (Qərb) öz hekayəsini insan haqqı və azadlıqları, rəqabətli iqtisadiyyat, mülkiyyət toxunulmazlığı, seçkilər, söz və mətbuat azadlığı üzərində qurmuşdu və bu cəlbedici hekayə ilə dünyanın 70-ə yaxın ölkəsində sözü keçirdi.
SSRİ-nin hekayəsi istismarsız cəmiyyət, bərabərlik, sülh, qardaşlıq, sosial ədalət, dövlət iqtisadi modeli idi – bu hekayə ilə dünyada 60-a yaxın ölkəyə nəzarət edirdi.
Bu ideoloji savaşda, rəqabətdə ABŞ (Qərb) qalıb çıxdı, çünki SSRİ-nin hekayəsi yalan üzərində inşa edilmişdi və insan təbiətinə zidd idi (məsələn, özəl mülkiyyət insanlığın canındadır, tarixindədir) – ona görə də əvvəl hekayəsi, sonra da sistemi dağıldı.
1990-2010-ci illər arası təkqütblü, ancaq ABŞ-ın (Qərbin) hegemoniyası altında olan dünya formalaşdı. Amma Çin sürətlə inkişaf edirdi, ayrıca bir, ən azı iqtisadi qütbə çevrilirdi.
2008-ci ildə Gürcüstana təcavüzünə görə heç bir ciddi cəza almayan Rusiya öz qütbünü qurmağa başladı. ABŞ (Qərb) bunu ciddiyə almadı, daha betəri, öz ümumbəşəri dəyərlərindən və cəlbedici hekayəsindən ayrı düşməyə başladı. Putin Rusiyası isə “rus dünyası” və “elitar konservatizm” üzərində hekayə qurmağa çalışdı.
İndi dünyada qarışıqlığın yaranmasının ən başlıca səbəblərindən biri aparıcı dünya ölkələrinin cəlbedici hekayə qura bilməməsidir, ideoloji boşluqdur. Son 20 ili götürək – əvvəl 11 sentyabr terror hadisəsindən sonra Qərb öz dəyərlərini qurban verməyə hazır oldu, təhlükəsizlik azadlıqları “yeməyə” başladı, nəticədə azadlıqlar təhlükəsizlik adı altında daraldı. Pandemiya isə bu vəziyyəti lap qəlizləşdirdi – Qərb nəinki vacib dəyərlərdən, hətta vətəndaşlarının konstitusion hüquqlarından vaz keçməyə başladı, Qərbin əsas cəlbedici dəyərləri arxa plana keçdi.
İndi isə tamam anlaşılmaz vəziyyət yaranıb. Özəl mülkiyyətin toxunulmazlığı, qanunun aliliyi Qərb sivilizasiyasının təməli, inkişafın motoru olub. Son 30 ildə rusiyalı iş adamlarının öz ölkələrindən oğurladıqları milyardlarla vəsaitə göz yuman Qərb indi məhkəmə qərarları olmadan rusiyalı oliqarxların özəl mülkiyyətinə əl qoyur, evlərinin tutulmasına, qapısının sındırılmasına göz yumur. Bu, çox təhlükəli məsələdir, Qərbin cəlbedici dəyərlərini gözdən salır. Bəli, bu oliqarxlar 30 ildir şübhəli yollarla qazandığını Qərbə daşıyıb – amma bunu indimi bildilər? Zamanında buna niyə imkan verirdilər? Son 30 ildə Rusiyadan müxtəlif yollarla Qərbə 1 trilyon 280 milyard dollar vəsait çıxarılıb – buna niyə imkan verirdilər?
Qərb mediasında da özünəməxsus senzura yaranıb, elə mövzular var ki, heç kimə müzakirə açmağa imkan vermirlər. Qərb dəyərləri məhz fundamental haqq-azadlıqlar, liberal iqtisadiyyat, qanunun aliliyi, söz-mətbuat azadlığı və seçkilərdir – bu hekayənin dağılmasına şahidlik edirik.
Rusiya isə sivilizasiya çağırışına faşistləşməklə cavab verdi, işğalçı mahiyyəti ilə üzə çıxdı, ideya, ideologiya, cəlbedici hekayə təqdim etməyə gücü, intellektual potensialı çatmadı – nəticədə ümumbəşəri ideoloji “tixac” yarandı.
Çin də güclü dövlətdir, güclü iqtisadiyyatı var, amma sivilizasiya cəlbediciliyi yoxdur – həmişə belə olub, tarixən Çin həmişə ayrı “planet” olub, Çinin dünyaya ideoloji olaraq universal model təqdim etmək potensialı yoxdur, amma Rusiyanın var idi, öz mənasız sisteminə görə həm öz xalqını, həm də dünyanı böyük təhlükəyə atıb.
Beləliklə, dünyada bu gün baş verənlərin kökündə sivilizasiya böhranı dayanır, dünya cəlbedici hekayələr qıtlığı, insanları səfərbər edəcək proqressiv ideyalar yoxluğunu yaşayır. İndi sanki orta əsrlərə qayıdırıq – insanlıq fizioloji ehtiyaclar və sağ qalmaq üçün mübarizə aparır.
Faciədir, çıxış yolu isə insan övladının, bəşəriyyətin yeni cəlbedici və ədalətli ideyalar ətrafında birləşib sivilizasiya çağırışlarına cavab verməyi öyrənməsindən keçir”.