Prezident İlham Əliyev martın 20-də Tərtərin Suqovuşan qəsəbəsinə səfər edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı “Azərişıq” ASC-nin qəsəbəyə çəkdiyi 35 kilovoltluq kabel xəttinin təqdimatına qatılıb.
İlham Əliyev fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub, 144 şagird yerlik tam orta məktəbin binasına baş çəkib, yeni tikiləcək məscidin təməlini qoyub.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edən prezidentə bildirilib ki, hərbi hissənin ərazisində nəzarət-buraxılış məntəqəsi, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqəsi, qazanxanalar, mağaza, 174 nəfərlik yeməkxana binası yaradılıb.
Dövlət başçısı həmçinin turizm kompleksinin təməli qoyub, avarçəkmə təlim-məşq toplantısının açılışına qatılıb.
Suqovuşan qəsəbəsində bayram tonqalı yandıran dövləti başçısı Azərbaycan xalqına Novruz təbriklərini çatdırıb (Çıxış).
Suqovuşan (əvvəlki adı Madagiz) 1992-ci ildə Ağdərə rayonu ləğv olunanda Tərtərin tərkibinə verilib, 2020-ci il oktyabrın 3-də erməni işğalından azad edilib.
1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb, 1991-ci ildə ərazini “müstəqil dövlət” elan edib, müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğal zonasında qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan zolağa düşür.