Martın 17-si ABŞ prezidenti Cozef Bayden Vaşinqtonda Müqəddəs Patrik Günü münasibətilə İrlandiyanın hökumət nümayəndələrinə verilən rəsmi ziyafətdə iştirak edib.
Novator.az-ın məlumatına görə, ziyafətdə çıxış edən Cozef Bayden Rusiya prezidenti Vladimir Putini qanlı diktator, xalis başkəsən adlandırıb.
ABŞ prezidenti deyib: “Putin Ukrayna xalqına qarşı mənəviyyatsızcasına müharibə aparan qanlı diktator, xalis başkəsəndir”.
Martın 16-sı Bayden Putini hərbi cani adlandırmışdı.
Martın 15-i ABŞ Konqresinin yuxarı palatası (Senat) Vladimir Putini hərbi cani sayan qətnamə qəbul edib. Yekdilliklə qəbul olunan qətnamədə Rusiya hərbçilərinin Vladimir Putinin rəhbərliyi ilə Ukraynada zorakılıq, hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər törətdiyi vurğulanıb. Qanun sayılmayan sənəddə Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayətlər Məhkəməsinə və ölkələrə Rusiya rejiminin Ukraynaya hərbi müdaxilə zamanı yol verdiyi hərbi cinayətləri araşdırmaq çağırışı yer alıb.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.
1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib, dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə 4 il müddətinə prezident seçilib. 2008-ci ildən Rusiyanın baş naziri olan Putin 2012 və 2018-ci illərdə 6 il müddətinə prezident mandatı alıb.
2020-ci ildə yenilənən konstitusiya Vladimir Putinə 2024 və 2030-cu illərin prezident seçkilərinə də qatılmaq imkanı verir.
Müqəddəs Patrik Günü İrlandiyanın əsas dini bayramlarından biridir. Rəvayətə görə, bütpərəst adaya – İrlandiyaya xristianlığı müqəddəs Patrik gətirib.
Hazırda Müqəddəs Patrik Günü bir növ həm də beynəlxalq İrlandiya günü kimi qeyd olunur. Bir çox ölkədə, o cümlədən ABŞ-da Müqəddəs Patrik Günü münasibətilə hər il rəsmi ziyafət verilir.
İrlandiyanın baş naziri Maykl Martin koronavirus xəstəliyinə yoluxduğuna görə martın 17-si Vaşinqtondakı rəsmi ziyafətdə iştirak edə bilməyib.
Mənbə: CNN.com