Əli Kərimli
AXCP sədri
Rusiya prezidentinin mətbuat katibi deyir ki, Putin hərbi əməliyyatların ilk günündən orduya Ukraynanın böyük şəhərlərinə, mülki əhaliyə hücum etməməyi tapşırıb. Başına od ələnən şəhər isə 500 min əhalisi olan Mariupoldur. Ukrayna şəhərlərinə belə divan tutmaq müharibə cinayəti olmaqla yanaşı həm də Rusiyanın dövlət maraqlarına zərbədir. 8 il öncəyə qədər Ukrayna Rusiyadan sonra rusların və rusdillilərin ən çox yaşadığı ölkə idi. Ukraynada 10 milyondan artıq rus yaşayırdı. Ruslar, ruslarla qohum olanlar, rus dilini ana dili bilənlər ölkə əhalisinin yarıya qədəri idi. Elə ona görə də 2010-cu ildə Rusiya yönümlü Yanukoviç bu ölkədə demokratik qaydada prezident seçilmişdi. Rusiya 2014-cü ildə Krımı və Donbasın bir hissəsini işğal etməsəydi, hər zaman da belə olacaq, Qərbə inteqrasiya tərəfdarları və Rusiyapərəstlər hökumətdə bir-birini əvəz edəcəkdi. Rusiya üçün ən pis halda Rusiyapərəstlər Ukrayna parlamentində 40 faiz ətrafında təmsilçiliyini saxlayacaq, Ukraynanın cənubunda və şərqində, varlı sənaye bölgəsində yerli idarəetmə də hər vaxt Rusiya dostlarının əlində olacaqdı. Ancaq olmadı.
Kremldəki avtoritar rejimin hikkəsi, Ukraynadan gələn demokratiya küləyindən Putinin şəxsi qorxusu, demokratiya dalğasını Qızıl meydana çatmadan boğmaq arzusu Ukraynaya qarşı düşmənçilik siyasətini tətiklədi. Rusiya Ukraynadan torpaq qopardıqca Ukraynada anti-Rusiya mövqeyi gücləndi. Ukraynaya qarşı böyük hərbi müdaxilə isə son mərhələ oldu. “Rus dünyasını birləşdirmək!” şüarı ilə yola çıxmış Rusiya irticası özünə ən yaxın olan xalqın başına od ələyir. Nəticədə 44 milyonluq Ukrayna Rusiyaya düşmən ölkəyə çevrildi.
Rusiya avtoritarizmi görün Ukrayna xalqı ilə yanaşı Rusiyanın özünə hansı pislikləri etdi. “Nəyi, necə etməyi yalnız bir nəfərin bildiyi” tək adam hakimiyyətlərinin hamısı beləcə xalqlarına yalnız repressiya, korrupsiya, yoxsulluq, iflas – bir sözlə, fəlakət gətirir.