Martın 15-i Bakının “Gülüstan” sarayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Azərbaycanda inşa edəcəyi Qaradağ Günəş Elektrik Stansiyasının təməl mərasimi keçirilib. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev mərasimdə deyib ki, 230 meqavat gücündə olan stansiya həm ölkənin enerjiyə artan tələbatını ödəyəcək, həm də ixrac imkanlarını genişləndirəcək: “Bu böyük layihənin icraçısı dünyada tanınmış “Masdar” şirkətidir. “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkədə uzun illərdir uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi var və eyni zamanda Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir.
“Masdar” şirkəti bizim üçün dost ölkəni – Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpa olunan enerji istehsalı sahəsində də əməkdaşlığa start verilir.
Bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıb. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji”nin inşa etdiyi 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Hələ 3 ay tamamlanmayıb, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır. Əminəm ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcək və bu, işin sadəcə olaraq başlanğıc hissəsidir. Çünki bərpa olunan enerji növlərinin inkişafı bizim üçün prioritet məsələdir. Biz uzun illər bu məsələnin həlli üçün çalışırıq və bu gün real nəticələr görürük.
Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaq”.