“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi martın 12-də Sabunçu Gənclər Evində “Sağlam gənclik sağlam gələcək deməkdir!” devizi altında ilk tədbirini keçirib.
Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Təhlükəli yoluxucu xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə açan Sabunçu Gənclər Mərkəzinin nümayəndəsi Gülşən Axundova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin gəncləri maarifləndirmək məqsədilə həyata keçirdiyi fəaliyyətlərin önəmini diqqətə çatdırıb.
Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə tərəfdaş qurum olan Gənclər və İdman Nazirliyinin rəhbərliyinə və Sabunçu Gənclər Evinin təmsilçilərinə minnətdarlığını bildirib.
Ziba Nəbiyevanın sözlərinə görə, bir çox yoluxucu xəstəliklər var ki, onlar haqqında kifayət qədər bilgili olmaq vacibdır: “Məsələn, viruslu hepatitlər, əsasən də Hepatit B, D və C, həmçinin QİÇS və vərəm təhlükəli yoluxucu xəstəliklər sırasında yer alıb. BMT-nin “Dayanıqlı inkişaf məqsədləri gündəliyi”ndə bu xəstəliklərin erkən müayinə və müalicəsinə nail olmaq əsas hədəf kimi qeyd olunub. Bu baxımdan önləyici profilaktik tədbirlərin keçirilməsi, müvafiq maarifləndirmənin aparılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Xüsusən gənclərimizin zamanında məlumatlandırılması onlarda gigiyenik davranış qaydalarının formalaşmasına, perspektivdə isə sağlam gənc nəslin yetişməsinə xidmət edir”.
Ziba Nəbiyeva elektron təqdimat vasitəsilə gənclərə viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib. Deyilənlərin yaddaqalan olması üçün animasiya çarxları nümayiş olunub.
Vərəm xəstəliyi barədə təqdimatı isə gənclərə həkim, ekspert Samirə Muxtarova çatdırıb. O, hava-damcı yolu ilə yayılan bu xəstəliyin əsas aspektləri barədə danışıb.
İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda gənclərə mövzuyla bağlı bukletlər, COVİD infeksiyasının profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr paylanıb.
Gənclər arasında profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək, maarifləndirmənin davamlığını təmin etmək məqsədilə Sabunçu Gənclər Evinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, həmçinin bukletlər, tibbi və gigiyenik vasitələr də təqdim olunub.
Layihə çərçivəsində Bakı Gənclər Mərkəzi və Suraxanı Gənclər Evində də təbirlər keçirilməsi nəzərdə tutulub.