ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna şəhərlərində, xüsusilə Mariupolda yaranmış vəziyyəti İkinci Dünya müharibəsində Rusiyanın (SSRİ-nin) Leninqrad şəhərinin (indiki Sankt-Peterburq şəhəri) blokadada saxlanması ilə müqayisə edib.
Novator.az saytının məlumatına görə, Blinken “Tvitter” şəbəkəsindəki hesabında yazıb: “İkinci Dünya müharibəsi illərində baş vermiş Leninqrad blokadasından hər bir rusiyalının xəbəri var. Təəssüf ki, tarix təkrarlanır, amma bu dəfə Rusiya hakimiyyəti Ukrayna şəhərlərini qəddarcasına acından qırmaq yolunu tutub”.
Blinken “Tvitter”dəki qeydinə 1942-ci ildə Leninqradda və 2022-ci ildə Mariupolda çəkilmiş fotoları qoşalaşdıraraq əlavə edib.
Leninqradı 1941-ci il sentyabrın 8-də alman-fin qüvvələri mühasirəyə alıb. Blokada 1944-cü il yanvarın 27-dək davam edib.
2022-ci il fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar aparan Rusiya davamlı olaraq Mariupolu aviasiya və artilleriya atəşinə tutur. Bir həftədən artıqdır rus ordusu şəhəri mühasirədə saxlayır və mülki əhalinin “humanitar dəhlizlər” vasitəsilə təxliyəsi cəhdlərini puça çıxarır.
Martın 8-də ruslar Mariupol sakinlərinə Rusiyanın Rostov şəhərinə təxliyə olunmağını təklif ediblər.
Martın 9-da Rusiya Mariupolun mərkəzində yerləşən doğum evinə və uşaq xəstəxanasına təyyarələrdən bir neçə raket atıb. Ən azı 17 nəfər yaralanıb.
Ukrayna tərəfi Rusiya qüvvələrinin mülki əhaliyə qarşı hərbi cinayətlər törətməsi, xüsusən xəstəxanaları, məktəbləri, uşaq bağçalarını məqsədli şəkildə bombalaması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.
Every Russian has learned about the Siege of Leningrad during World War II. Sadly, history has repeated itself—but now it’s the Russian government cruelly starving Ukrainian cities. pic.twitter.com/wjG3IgwAzH
— Secretary Antony Blinken (@SecBlinken) March 9, 2022