Nazirlər Kabinetinin koronavirus infeksiyasına görə tətbiq etdiyi xüsusi karantin rejimi hazırda üç qadağanı nəzərdə tutur. Yasaqlardan biri ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsidir.
Tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti də yasaqdır.
Novator.az bildirir ki, Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il qərarı ilə müəyyən olunan başqa bir qadağa yük daşımaları istisna olmaqla ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışdır. Ancaq bu qadağadan istisnalar var.
2020-ci il martın 31-dən hökm sürən xüsusi karantin rejimi bu il mayın 1-dək qüvvədə olmalıdır.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son ümumi hesabata görə, 789757 nəfər koronavirusa yoluxub, onların 9547-si vəfat edib, 3696-sı aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.
Martın 6-dan xüsusi karantin rejimi xeyli yumşaldılıb, o cümlədən yas mərasimlərinə, kütləvi tədbirlərə yasaq götürülüb, mədəniyyət obyektlərinin, istirahət və əyləncə məkanlarının fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti; şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti ləğv edilib.
Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) koronavirusa qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya xəstəlikdən sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.