Nazirlər Kabineti koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılması qərarı verib. Martın 6-dan dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbuluna; yas mərasimlərinə; kütləvi tədbirlərə; ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə; masaj xidmətlərinin göstərilməsinə; sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə yasaq götürülür.
Həmçinin mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti ilə bağlı vaxt və say məhdudiyyəti; şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti; ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət; pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları; 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti; dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti ləğv edilir.
Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) koronavirusa qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya xəstəlikdən sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.
2020-ci il martın 31-dən hökm sürən xüsusi karantin rejimi mayın 1-dək qüvvədədir.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son ümumi hesabata görə, 788958 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9500-ü vəfat edib.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə gedir. Rəsmi hesabat 5,3 milyon nəfərin bir doza, 4,7 milyon nəfərin iki doza, 2,8 milyon nəfərin iki dozadan çox peyvənd aldığını göstərir, 212,3 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulduğu bildirilir.