10 faizlik yardım hansı pensiyaçılara düşür?
Prezident İlham Əliyevin 4 mart sərəncamı ilə qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci il ərzində əmək pensiyası məbləğinin 10 faizi məbləğində aylıq maddi yardım veriləcək. Yenilik yanvarın 1-dən tətbiq edilir. 2023-cü il yanvarın 1-dən yardım onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil ediləcək.
Rəsmi məlumata əsasən, qulluq stajına görə əlavələr alan 100 min nəfər var.
Novator.az bildirir ki, “Əmək pensiyaları haqqında” qanunla qulluq stajına görə əmək pensiyasına əlavələr bu əmək pensiyaçılarına təyin edilir:
– əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla);
– Milli Məclisin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvləri;
– Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər;
– hakim və ya hakim kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri;
– qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla);
– prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş insan hüquqları üzrə müvəkkil (ombudsman) və Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq insan hüquqları üzrə müvəkkil və Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə sabiq müvəkkili;
– insan hüquqları üzrə müvəkkil və sabiq müvəkkil, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili və sabiq müvəkkili vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan vətəndaşları (Azərbaycan vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);
– dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla);
– əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş sabiq baş nazir və baş nazirin müavinləri, Naxçıvan Muxtar Respublikasının baş naziri və baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Milli Televiziya və Radio Şurasının (Audiovizual Şura), Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; həmin şəxslər və ya həmin şəxslər sırasından əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular;
– müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya I dərəcə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla);
– xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının sabiq üzvləri;
– Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya I dərəcə əlilliyi müəyyən edilmiş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla);
– xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanının işçisi, yaxud miqrasiya orqanının işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
– xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya I dərəcə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla);
– xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan fövqəladə hallar orqanının işçisi, yaxud fövqəladə hallar orqanının işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.