Bakı Apellyasiya Məhkəməsi məhbus AXCP fəalı Niyaməddin Əhmədovun şikayəti üzrə prosesi tamamlayıb. “Turan”ın məlumatına görə, martın 2-də çıxarılan qərarla Niyaməddin Əhmədov barədə hökm qüvvədə saxlanıb.
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da tutularaq 30 sutka inzibati həbsə məhkum edilib, sonra cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
İttihama əsasən, Almaniyada yaşayan Məmmədov Qabil Əmrah oğlunun Azərbaycanda terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub: “Cinayət işinin istintaqı zamanı Qabil Məmmədovun həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb 2019-cu ildə sosial şəbəkələr vasitəsilə yayımladığı çoxsaylı çıxışlarında terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Aparılmış istintaqla həmin materialları internet resurslarında yaymaqla nəzərdə tutulmuş cinayətlərin hazırlanması və törədilməsində istifadə edilməsi məqsədilə Əhmədov Niyaməddin Arif oğluna müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib”.
1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsi 1992-1993-cü illərdə hakimiyyətdə olub. 1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli liderlik edir.