ABŞ dövlət katibinin Avropa proqramı
- 03 Mart 2022
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetXəbər
Martın 3-dən ABŞ-ın dövlət katibi Entoni Blinkenin Belçika, Polşa, Moldovaya və Baltik ölkələrinə səfəri başlanır. Novator.az saytı ABŞ-ın “Wall Street Journal” qəzetinə istinadla bildirir ki, səfərin məqsədi Rusiyanın Ukraynaya total hücumuna beynəlxalq reaksiyanı tənzimləmək və tərəfdaşları ABŞ-ın onların təhlükəsizliyinə sadiq qaldığına əmin etməkdir.
Blinkenin səfəri Rusiyanın Ukraynaya geniş hücumu fonunda həyata keçirilir. ABŞ və digər NATO üzvləri Rusiya qoşunlarının Ukraynanın böyük şəhərlərini ələ keçirməsini əngəlləyə bilmiş Kiyev hökumətini dəstəkləməyə söz versələr də, müharibəyə hərbi müdaxilə etməyəcəklərini bildiriblər.
“Wall Street Journal”ın məlumatına görə, Blinken Brüsseldə NATO-lu həmkarları ilə görüşəcək. Onun “Böyük yeddilik” (G7) ölkələri və Avropa Birliyi rəsmiləri ilə bir araya gələcəyi də vurğulanır.
Blinken görüşlərdə avropalı tərəfdaşlara Ukraynaya dəstəyə və Rusiyanı məsuliyyətə cəlb etmək istiqamətində səylərinə görə təşəkkür edəcəyini bildirib. O, prezident Baydenin ABŞ-ın NATO müqaviləsinin 5-ci maddəsinə sadiq qalacağına dair bəyanatını təkrarlayıb. Həmin maddəyə əsasən, NATO-nun hər hansı üzvünə hücum alyansın bütün üzvlərinə hücum anlamına gəlir. Ukrayna NATO-nun üzvü olmasa belə, rəsmilər Rusiyanın hərbi müdaxiləsinin alyansın şərq cinahına qədər genişlənməsindən ehtiyat edirlər.
“Wall Street Journal” yazır ki, Blinken Polşaya səfərini martın 5-nə planlaşdırıb. O, Ukraynaya əlavə təhlükəsizlik dəstəyi və humanitar yardımı müzakirə etmək üçün xarici işlər naziri ilə və digər rəsmilərlə görüşəcək. Polşa beynəlxalq yardım və silah-sursatın Ukraynaya çatdırılması üçün əsas tranzit məkanı, eləcə də Rusiyanın işğalı üzündən qaçqın düşənlər üçün giriş məntəqəsi olub.
Moldovaya səfəri çərçivəsində Blinken paytaxt Kişinyovda yüksək vəzifəli siyasətçilərlə görüş keçirəcək. O, Kişinyovun ukraynalı qaçqınlara yardımını, eləcə də ABŞ-ın Moldovanın təhlükəsizliyi və ərazi bütövlüyünə dəstəyini müzakirə edəcək.
ABŞ Dövlət Departamenti Ukraynadakı münaqişəni, eləcə də Kişinyov hökuməti ilə Moldovadan ayrıldığını elan edən Dnestr bölgəsi arasında davam edən hərbi əməliyyatları əsas gətirərək Moldovada olan amerikalıların ölkəni tərk etməsini istəyib. Aviaşirkətlər Moldovaya gediş-gəliş reyslərini ləğv edib, Kişinyov hökuməti isə Ukraynadakı münaqişəyə görə ölkənin hava məkanına məhdudiyyətlər qoyub.
ABŞ dövlət katibi altı günlük səfərini Baltik ölkələrdə – Litva, Latviya və Estoniyada yekunlaşdıracaq.
2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gün səhərdən Ukrayna torpağında qanlı döyüşlər gedir.
Mənbə: Wsj.com