Fevralın 24-dən Ukraynaya təcavüzü gücləndirərək total işğalçı müharibə aparan Rusiyanın bir məqsədinin də ölkədə hakimiyyəti dəyişmək olduğu bəyan edilib. Martın 2-də Ukrayna kəşfiyyatındakı mənbələrə istinad edən “Ukrainskaya pravda” nəşri Moskvanın sabiq prezident Viktor Yanukoviçin dövlət başçısı postuna qaytarılmasına hazırlıq gördüyünü yazıb. İddiaya görə, Viktor Yanukoviç hazırda Belarusun paytaxtı Minskdədir, hərbi əməliyyatları oradan izləyir.
Novator.az bildirir ki, Viktor Yanukoviç 1950-ci il iyulun 9-da Donetsk vilayətində doğulub. 1980-ci ildə Donetsk Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası, 2001-ci ildə Ukrayna Xarici Ticarət Akademiyasını beynəlxalq hüquq ixtisası ilə bitirib.
İqtisad elmləri doktoru, professordur.
1997-2002-ci illərdə Donetsk Vilayəti Dövlət Administrasiyasının sədri, 2002-2005 və 2006-2007-ci illərdə Ukraynanın baş naziri olub.
2003-cü ildən Regionlar Partiyasına sədrlik edib.
2010-cu i fevralın 7-də prezident seçilib, fevralın 25-də səlahiyyətlərinin icrasına başlayıb.
2013-cü ilin noyabr ayında Viktor Yanukoviç Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşmaq kursundan çəkilərək Rusiya ilə sıx işbirliyinə cəhd göstərib. Bundan sonra ölkədə inqilabi proseslər başlayıb. 2014-cü il fevralın 22-də parlament Viktor Yanukoviçi prezident postundan uzaqlaşdırıb və o, ölkədən qaçaraq Rusiyaya sığınıb, dövlət başçısı səlahiyyətləri parlament sədri Aleksandr Turçinova ötürülüb, mayın 25-də keçirilmiş növbədənkənar seçkidə Pyotr Poroşenko prezident seçilib.
2019-cu ildən Vladimir Zelenski prezidentdir.
Ukraynada Viktor Yanukoviç sabiq prezident statusundan məhrum edilib və onun haqqında cinayət işləri qaldırılıb.
2014-cü ildə Viktor Yanukoviç hakimiyyətdən düşən kimi Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, həmçinin Donbas bölgəsində iki separatçı rejim – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” qurub.
2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gündən Ukrayna torpağında qanlı döyüşlər gedir.