Bir qrup jurnalist martın 2-si Bakıdakı Qurd qapısı qəbiristanlığında mərhum həmkarları Elmar Hüseynovun məzarını ziyarət edib.
Elmar Hüseynov 2005-ci il martın 2-də rusdilli “Monitor” jurnalının baş redaktoru postunu tutarkən Bakıda, yaşadığı evin blokunda odlu silahla öldürülüb.
Mərasimdə çıxış edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev deyib ki, Elmar Hüseynovun qətlindən sonrakı illərdə Azərbaycanda azad mətbuat bütünlüklə məhv edilib. Bu yaxınlarda qəbul edilən “Media haqqında” qanundan söz açan Mehman Əliyev bunu hakimiyyətin informasiya cəmiyyətinin aradan götürülməsi cəhdi kimi qiymətləndirib, sənədin insan hüquqları, ifadə azadlığı və kütləvi informasiya vasitələri azadlığı sahəsində beynəlxalq standartlara uyğun olmadığını vurğulayıb.
İctimaiyyətə 2021-ci il dekabrın 10-da təqdim olunan “Media haqqında” qanun layihəsini Milli Məclis həmin ay üç oxunuşda qəbul edib. 2022-ci il fevralın 8-də prezident İlham Əliyev qanunu imzalayaraq onun tətbiqinə fərman verib.
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu mərasimdə Elmar Hüseynovun qətlinin üstünün açılmamasına diqqət çəkib: “Siyasi iradə olsa, peşəkarlardan ibarət istintaq qrupu yaradılsa, Elmarın qatillərini və qətlin sifarişçilərini aşkara çıxarmaq mümkündür”.
1967-ci ildə Bakıda doğulan Elmar Hüseynov jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışıb, daha sonra “Monitor” jurnalını təsis edib, onun baş redaktoru olub.
İstintaq işini 10 ildən çox Milli Təhlükəsizlik Nazirliyi araşdırıb. Qətldən az sonra Azərbaycanın hüquq mühafizə orqanları cinayətdə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıblar.
Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ilin sonunda ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.