Xocalı soyqırımından 30 il ötür.
Azərbaycanın Yuxarı Qarabağ bölgəsində rayon mərkəzi olan Xocalı şəhərini 1992-ci il fevralın 26-da ermənilər işğal edib. Xankəndidə yerləşmiş Rusiya hərbi alayının da iştirak etdiyi istilada 613 nəfər öldürülüb. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl şəxsdir.
8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.
Novator.az bildirir ki, 17 ölkənin (Bosniya və Herseqovina, Cibuti, Çexiya, Əfqanıstan, Honduras, İndoneziya, İordaniya, Kolumbiya, Qvatemala, Meksika, Pakistan, Panama, Paraqvay, Peru, Sloveniya, Şotlandiya, Sudan) qanunverici orqanı Xocalı qırğınını soyqırımı kimi tanıyan sənədlər qəbul edib.
ABŞ-ın 20-dən çox ştatının müxtəlif instansiyalarında, Pakistanın 1 əyalətinin qanunverici orqanında da analoji sənədlər rəsmiləşib.
İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı da Xocalı qırğınını soyqırımı kimi tanıyır.
1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb, 1991-ci ildə ərazini “müstəqil dövlət” elan edib, müharibə alovlanıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-da əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğal zonasında qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan zolağa düşür.