İqtisadçı Rövşən Ağayev Azərbaycan hökumətinin yığım əsaslı pensiya modeli yarada bilmədiyini yazır. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, 2001-2014-cü illərin iki pensiya islahatı konsepsiyasında, həmçinin 2006-cı ildə qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanunda yığım modelinə keçid hədəflərdən biri kimi qoyulmuşdu: “2017-ci ilin iyulunda pensiya qanunvericiliyinə yeniliklə yığım modeli planından faktiki vaz keçildi. Qanuna edilən dəyişiklik (1.0.9-cu maddə) yığım elementinin tətbiqini hökumətin üzərindən götürüb və icbarilikdən çıxarıb könüllü elan etdi. Könüllü yığım üçün isə Azərbaycanda zəruri institut və mexanizmlər yoxdur. Həm də könüllük o deməkdir ki, buna yalnız işçi özü ayırma edəcək – dövlət və işəgötürənin hansısa töhfəsi olmayacaq.
2017-ci ilədək qüvvədə olan mexanizmə görə, hökumət maaş fonduna görə ödənən 25%-lik sığorta ödənişinin bir hissəsini, yaxud buna əlavə olaraq hansısa faizi yığım elementi üçün nəzərdə tutmalı idi. Yığım elementi o demək olacaqdı ki, işləyənlərin icbari, yaxud könüllü qaydada ödədikləri sosial sığorta haqqı cari pensiya xərclərinə sərf olunmur və əlavə gəlir əldə etmək məqsədilə müxtəlif investisiya proqramlarına yönəldilir.
Eyni zamanda qanunla müəyyən edilən müddətdən sonra yığım edən şəxs həmin vəsaiti götürüb istifadə edə biləcəkdi, yaxud vəfat etdiyi halda vəsait varislərinə çatacaqdı. Məsələn, Estoniyada ən azı 10 il sığorta stajı olan şəxs yığım kapitalından istifadə hüququna sahibdir – öz əmanəti kimi istənilən ehtiyacı üçün götürüb istifadə edə bilər.
Gürcüstan cəmi iki il ərzində yığım pensiya kapitalının həcmini 190 milyon dollardan 700 milyon dollara çatdıra bilib. 2020-2021-ci illərdə pensiya kapitalını investisiya fondlarının idarə etməsi nəticəsində fondun gəlirliliyi 32%, inflyasiya nəzərə alınmadan real gəlirlilik 5% ətrafında olub. Yəqin uzağı beş ildən sonra baxıb görəcəyik ki, kiçik Gürcüstanın 3-5 milyard dollarlıq investisiya təyinatlı pensiya fondu var.
Yığım pensiya sistemi bir tərəfdən ədaləti təmin edir – insan pensiya hüququ qazanmadan həyatdan gedirsə, yığım hissəsindəki vəsaiti varisləri ala bilir. Digər tərəfdən yığım hissəsi investisiya vəsaiti kimi iqtisadiyyatın sərmayə ehtiyaclarını qarşılayır.
Gürcüstanda yığım hissəsinin formalaşması üçün işçi, işəgötürən və dövlət hər biri maaş fondunun 2%-i qədər ayırma edir. İllik maaş məbləği 24000 laridən (8 min dollar) yüksək olduqda dövlətin töhfəsi 1%-ə düşür”.
Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.
Əmək pensiyasının minimum məbləği 240 manatdır.
Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxs 180 manat müavinət alır.