Müsavat Partiyasının başqanı Arif Hacılı pandemiya ilə əlaqədar bütün qadağaların ləğvinə çağırır. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, koronavirus infeksiyasının indi çox yayılan omikron variantı əvvəlki variantlara nisbətən daha az təhlükəlidir: “Koronavirusa yoluxub sağalan, bununla da təbii immunitet qazananların sayı rəsmi statistikada olduğu kimi 704 minə yaxın deyil, bəlkə də 3 milyondan çoxdur. Pandemiya şərtləri korrupsiya mənbəyinə çevrilib. Məsələn, Bakıda və bölgələrdə 300-500 nəfərin iştirakı ilə toy məclisləri keçirildiyi halda əksər şadlıq evlərinə 150 nəfər həddi qoyulub. Karantin şərtlərinə görə heç bir təzminat, sosial yardım verilməməsinə baxmayaraq qaydaları pozanlara yüksək məbləğdə cərimələrin tətbiqi davam edir.
Vətəndaşların sərbəst toplaşmaq, istirahət, xeyir-şər məclislərini istədikləri kimi keçirmək kimi hüquqları pozulur. Hakimiyyət pandemiya qaydalarından ölkədə siyasi fəaliyyət imkanlarını daha da məhdudlaşdırmaq, hətta azsaylı etiraz aksiyalarına qarşı böyük güc tətbiq etmək üçün yararlanır.
Bütün bu amillər, həmçinin qadağaların onsuz da çətin durumda olan əhalinin həyatını daha da ağırlaşdırdığı nəzərə alınaraq qapalı məkanlarda maska taxılması tövsiyəsi istisna olmaqla pandemiya ilə bağlı bütün qadağalar martın 1-dən ləğv edilməlidir”.
2020-ci il martın 31-dən Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi tətbiq olunur. Ölkə ərazisinə giriş-çıxışa, mədəniyyət ocaqları, istirahət və əyləncə məkanları, ictimai iaşə obyektlərinin işinə məhdudiyyətlər var.
Dəfn istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, ictimai yerlərdə 10 nəfərdən artıq qruplarda cəmləşmək yasaqdır.
Şənlik mərasimlərində (toy, nişan, ad günləri və s.) qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalıdır.
Karantin qaydalarının pozulması Cinayət Məcəlləsinin 139-1-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə məsuliyyətə səbəb olur.
Cinayət Məcəlləsinin 139-1-ci maddəsi 2500 manatdan 5000 manatadək miqdarda cərimə, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, 5 ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzalar nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimələnir, yaxud işin halları, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslərə 5000 manatdan 11000 manatadək məbləğdə cərimə kəsilir.
Fərdi qoruyucu vasitələrdən istifadə tələblərinin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslərin həmin tələblərin pozulmasının qarşısını almamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir.
Xətanı inzibati tənbeh almış şəxsin il ərzində təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 600 manat məbləğində, hüquqi şəxslərə 1200 manat məbləğində cərimə düşür.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
Son ümumi hesabata görə, Azərbaycanda 759753 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9127-si vəfat edib.
2021-ci il yanvarın 18-dən koronavirus infeksiyasına qarşı peyvənd kampaniyası gedir. Son rəsmi statistikaya görə, ölkədə 5,2 milyon nəfər bir doza, 4,7 milyon nəfər iki doza, 2,5 milyon nəfər iki dozadan çox peyvənd alıb.