Avropalıların əksəri Rusiya-Ukrayna münaqişəsində Kiyevə dəstək verir. Bunu Avropa Xarici Əlaqələr Şurasının (ECFR) keçirdiyi sosioloji sorğu göstərib.
Sorğu Avropa Birliyi əhalisinin üçdə ikisinin yaşadığı yeddi ölkədə (Almaniya, Fransa, İtaliya, Polşa, Rumıniya, İsveç, Finlandiya) keçirilib.
Novator.az xəbər verir ki, bu ilin yanvarında aparılan sorğunun nəticələri Böyük Britaniyanın “The Guardian” qəzetində dərc olunub.
Nəticələrə görə, Polşa əhalisinin 73%-i, Rumıniya əhalisinin 64%-i, İsveç əhalisinin 55%-i, Almaniya əhalisinin 52%-i, Fransa əhalisinin 51%-i, İtaliya əhalisinin də 51%-i, Finlandiya əhalisinin isə 44%-i Rusiyanın Ukraynaya hərbi hücuma keçəcəyini düşünür.
Respondentlərin əksəri bu fikirdədir ki, Rusiya Ukraynaya hücuma keçsə, Avropa Birliyi və NATO Kiyevə dəstək verməlidir.
Sorğu zamanı respondentlər NATO-nu, alyansa üzv olan 30 ölkəni Ukraynanın suverenliyinin əsas qarantı kimi gördüklərini açıqlayıblar.
Sorğu iştirakçıları bildiriblər ki, Rusiya hücum edəcəyi təqdirdə Ukraynanın müdafiəsi məsələsində ən böyük məsuliyyət Avropa Birliyinin üzərinə düşəcək.
Polşalı respondentlərin 80%-i, italiyalıların 64%-i, isveçlilərin 61%-i, rumıniyalıların 57%-i, finlandiyalıların 56%-i, fransalıların 53%-i, almaniyalıların 47%-i hesab edir ki, Avropa Birliyinin Ukraynaya kömək etmək üçün zəruri imkanları var.
Polşalıların 79%-i, italiyalıların 67%-i, isveçlilərin 64%-i, rumıniyalıların 63%-i, finlandiyalıların 59%-i, fransalıların 55%-i, almaniyalıların isə 50%-i NATO-nun Ukraynaya kömək etməyə qadir olduğu qənətindədir.
Sorğu zamanı respondentlərə “Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, Avropa Birliyi vətəndaşlarının maraqlarını daha çox kim qoruyar” sualı da verilib. Yeddi ölkənin hər birində respondentlərin yarıdan çoxu Avropa Birliyinə güvəndiyini bildirib. ABŞ-a güvənənlərin sayı bundan az olub.
Polşa və Rumıniyanı çıxmaq şərtilə, qalan beş ölkənin respondentləri Almaniyaya ABŞ-dan çox güvəndiyini söyləyib. Hətta polşalı respondentlər arasında da NATO-ya (75%) və Avropa Birliyinə (67%) güvənənlərin sayı ABŞ-a güvənənlərin sayından çox olub.
Avropa Xarici Əlaqələr Şurasının rəhbəri Mark Leonard deyib ki, bu sorğunun nəticələri Avropada geosiyasi oyanışdan xəbər verir: “Avropa Birliyi dövlətləri Ukraynaya münasibətdə parçalanmış, zəif və yox olmuş kimi təsvir edilir. Ancaq Avropa vətəndaşları bu məsələdə birlik nümayiş etdirirlər. Onlar Rusiya prezidenti Vladimir Putinin hərbi əməliyyatlara başlayacağı təqdirdə Avropanın NATO-dakı tərəfdaşları ilə birlikdə Ukraynaya dəstək verməsini istəyirlər”.
Mənbə: Theguardian.com