Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa çağırışlarına münasibət bildirib. O, “Amerikanın səsi” radiosuna yazılı açıqlamasında qeyd edib ki, hər kəsin sərbəst şəkildə öz fikrini, münasibətini ifadə etmək hüququ var: “AMEA-da kiminsə mənim fəaliyyətimi bəyənməyib tənqid etməsini normal qarşılayıram. Mənim hamının xoşuna gəlmək niyyətim heç zaman olmayıb. Ancaq bütün bunlar etika çərçivəsində baş verməlidir.
Məni bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və cənab prezident İlham Əliyev də məni bu vəzifəyə təsdiqləyib. Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini qəbuledilməz sayıram.
Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm.
Mənim əqidəm və yolum məlumdur. Mən ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin sadiq silahdaşıyam. Son nəfəsimə qədər də bu yoldan çəkilmək niyyətim yoxdur. Mənim üçün dövlətin maraqları, prezident İlham Əliyevin iradəsi hər zaman ayrı-ayrı şəxslərin iddialarından yüksəkdə dayanacaq”.
Ramiz Mehdiyevin istefasını son vaxtlar bir çox alim, ictimai xadim və siyasətçi tələb edir.
1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur. Milli Elmlər Akademiyasına 2019-cu il oktyabrın 23-dən prezidentlik edir.
1965-ci ildən Azərbaycanın komsomol və partiya təşkilatlarında rəhbər vəzifələr tutan Ramiz Mehdiyev 1980-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb.
1988-1994-cü illərdə Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri olub.
Təhlükəsizlik Şurasının üzvüdür.
“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Novator.az bildirir ki, AMEA-nın əsası 1945-ci ildə qoyulub. Nizamnaməsinə görə, AMEA ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, ölkəni elmi-texniki fəaliyyət sahəsində xaricdə təmsil edən dövlət ali elmi təşkilatıdır.
Akademiyanın ali idarəetmə orqanı onun ümumi yığıncağıdır.
Qurumun fəaliyyətinə rəhbərlik edən AMEA prezidenti ümumi yığıncaqda gizli səsvermədə 5 il müddətinə seçilir və Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənir. Ümumi yığıncaqda AMEA prezidenti seçilmək üçün səsvermədə iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu tələb olunur.