Novator.az saytı ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunmuş “Yeni xətt: Çin və Rusiya “avtokratiyalar ittifaqı” yaradıb” başlıqlı icmalı ingiliscədən çevirərək təqdim edir.
Çin lideri Si Cinpin sonuncu dəfə ölkədən iki il əvvəl, Myanma səfəri vaxtı çıxıb. Səfərdən qayıdandan bir neçə gün sonra o, Çinin sərt “sıfır COVİD” siyasətini həyata keçirməyə başlayıb və Uhan vilayətinin (koronavirus ilk dəfə burada üzə çıxıb) qapadılmasını əmr edib. Özünü də hamıdan tam təcrid edən Si Cinpin bununla virusa yoluxmaq təhlükəsindən sığortalanmağa çalışıb. Çinin rəsmi dairələri isə bütün vətəndaşlar kimi ölkə liderinin də pandemiya qaydalarına ciddi əməl etdiyi barədə məlumat yayıb.
2020-ci ildən bu yana Si Cinpin heç bir dünya lideri ilə görüşməmişdi. Bu müddətdə o, siyasi danışıqların hamısını ya telefonla, ya da video formatda aparıb. Nəhayət, o, şeytanın qıçını qırıb fevralın 4-ü Pekində Rusiya prezidenti Vladimir Putini qəbul etdi.
Görüş Çin və Rusiya arasında yeni yaxınlaşmadan bəhs edən 5 min sözlük birgə bəyanatla yekunlaşdı. Bəyanatda “dünyada hökmranlığın yenidən bölüşdürüldüyü” bildirilir və ABŞ-ın adı altı dəfə, həm də mənfi tonda çəkilir.
“Vaşinqton Post” qəzeti Si Cinpinlə Vladimir Putinin görüşünü “dünyanı diktatura üçün təhlükəsiz etmək cəhdi” adlandırıb.
Avstraliyanın sabiq baş naziri Kevin Radd “Uoll Strit Jurnal” qəzetinə deyib ki, dünya Çin-Rusiya təhlükəsizlik və iqtisadi əlaqələrinin getdikcə dərinləşməsinə hazır olmalıdır.
“Nyu-York Tayms”ın şərhçiləri xatırladır ki, Kiyevlə Moskva arasında münasibətlərin hazırkı mərhələsi Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsindən başlanır. Qəzetin Moskva bürosunun rəhbəri Anton Troyanovski yazır ki, Avropa Birliyi və ABŞ Krımın ilhaqına cavab olaraq Rusiyaya iqtisadi sanksiyalar tətbiq edəndən Moskva Asiya ilə ticarəti genişləndirmək qərarına gəlib.
Çin isə məsələyə Rusiya neftini almaqla, bu ölkənin şirkətlərinə sərmayə qoymaqla və digər üsullarla müdaxilə etməyə başlayıb. “Əvvəllər Putinin Çinlə çox da yaxınlaşmaq istəmədiyi barədə fikirlər dolaşırdı. Ancaq indi belə deyil” – Anton Troyanovski yazır.
Donald Tramp ABŞ prezidenti olduğu dövrdə onun administrasiyasının Çinin nəhəng “Huawei” texnologiya şirkətini təcrid etməyə çalışdığı bəllidir. Rusiyanın bu cəhdlərə cavabı həmin şirkətdən avadanlıq almaq olub.
“Nyu-York Tayms”ın Pekin bürosunun rəhbəri Stiven Li Mayers yazır ki, böyük ehtimalla Çinlə Rusiya “avtokratiyalar ittifaqı” yaradır: “Ancaq onlar bu ifadəni işlətmirlər və hətta özlərini demokrat kimi qələmə verirlər. Diqqət edin, Pekinlə Moskvanın birgə bəyanatında deyilir ki, demokratiya hansısa dövlətin imtiyazı yox, ümumbəşəri dəyərdir. Pekin və Moskva bu fikirdədir ki, bir dövlətin demokratik olub-olmamasına yalnız həmin ölkənin xalqı qərar verə bilər”.
Çin və Rusiyanın digər ölkələrə göndərdiyi ismarış əslində aydındır və demokratik dəyərlərə tam ziddir. Çünki Pekin və Moskva digər hökumətlərdən insan haqlarına hörmətlə yanaşmağı və ya demokratik seçki keçirməyi tələb edəsi deyil. Onlar bu niyyətlə hansısa hökumətə təzyiq göstərən deyillər.
Si Cinpinlə Putinin formalaşdırdığı modeldə hər hansı avtoritar hökumət yalnız iqtisadi təhlükəsizliyi təmin edə bilər və həm bu yolla, həm də milli qürurun müdafiəsində durduğunu bəyan etməklə ictimai müqaviməti minimuma endirib etirazları yatırtmaq gücünə yiyələnə bilər.
Stiven Li Mayers deyir ki, ABŞ-a baxmayın, Çin və Rusiya modellərindən yararlanmaq istəyən çox ölkə ola bilər: “Bayden bu ay Pekində keçirilən Qış Olimpiya Oyunlarını diplomatik boykot etməyə çağırsa da, oyunların açılış mərasiminə xeyli ölkədən rəsmi qonaqlar gəldi. Onların arasında artıq çoxdan ABŞ-ın tərəfində olan Misir, Səudiyyə Ərəbistanı kimi ölkələrin nümayəndələri də vardı”.
Rusiyanın Ukraynanı işğalla hədələməsi Moskva ilə Pekin arasında münasibətləri daha da gücləndirib. Bu təhdid Putinlə Si Cinpinin “qüdrətli ölkənin öz təsir dairəsində iradəsini həyata keçirmək imkanı olmalıdır” prinsipinə uyğundur. Onların prinsipinə görə, “qüdrətli ölkə” zəif qonşu hökumətləri devirmək səlahiyyətində olmalıdır və dünya ölkələri bu işə qarışmamalıdır. Buna Ukrayna ilə bərabər daha bir potensial nümunə, təbii ki, Tayvandır.
Amma Çin və Rusiyanın ortaq maraqlarına baxmayaraq bu ölkələr arasında hələ də ciddi gərginlik yaradan məqamlar var. Onlar on illər boyu Asiyada hökmranlıq uğrunda mübarizə aparıblar. Bu rəqabət indi də davam edir. Siyasi baxışından asılı olmayaraq rusiyalıların çoxu Çinin güclənməsindən, hegemon dövlətə çevrilməsindən ehtiyatlanır.
Təsadüfi deyil ki, Si Cinpinlə Putinin birgə bəyanatında Ukraynanın adı çəkilmir, çünki Pekinin Kiyevlə iqtisadi maraqları var. Ukraynaya müdaxilə isə bu maraqları təhlükə altında qoya bilər.
Cinlə Rusiya Arktikanın əriyən buzlaqları uğrunda da yarışır. Pekin həmçinin Moskvanın Qazaxıstan üzərində nəzarəti ələ keçirmək cəhdindən narahatdır. Qazaxıstanda Çin əsilli xeyli insan yaşayır.
“Nyu-York Tayms”ın Vaşinqton bürosunun rəhbəri Lara Ceyks yazır ki, Çinlə Rusiya Yer kürəsinin böyük qisminə – Mərkəzi Asiya, Afrika, Yaxın Şərq və Cənubi Amerikaya təsir etmək uğrunda yarışır: “İki gücü birləşdirəcək çox az motiv var və bu ölkələrin müştərək bank-maliyyə tranzaksiyaları strategiyasından daha dərin, daha davamlı münasibətlər qura biləcəyi mümkün görünmür”.
ABŞ prezidenti Cozef Baydenin administrasiyası Çinin güclənməsinə mane olmaq və Rusiyanı qlobal sabitliyi pozmaqdan çəkindirmək yönündə iş aparır. Çox güman, Bayden administrasiyası həyata keçirdiyi tədbirlər çərçivəsində Pekinlə Moskva arasında gərginliyi artırmağın da yollarını arayacaq. Belə bir gərginlik Qazaxıstanda və digər ölkələrdə cərəyan edən hadisələr fonunda da baş qaldıra bilər.
“Avtokratiyalar ittifaqı” hələlik rəsmiləşməyib, qeyri-formal ittifaqdır. Ancaq bu, real bir ittifaqdır və təkcə Çin-Rusiya əməkdaşlığından ibarət deyil. Biz iqtisadi sanksiyaların və diplomatik təzyiqlərin təsirini minimuma endirmək üçün Macarıstan, Türkiyə və Venesuela kimi ölkələrin də çiyin-çiyinə çalışdığını görürük.
Dünyanın demokratik ölkələri getdikcə daha çox meydan oxuyan tam fərqli bir siyasi modellə üz-üzədir.
Mənbə: Nytimes.com