Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidməti açıqlama yayıb. Açıqlamada AMEA prezidenti Ramiz Mehdiyevə hücumlar qaralama və böhtan kampaniyası adlandırılır, bunların sifariş mahiyyəti daşıdığı və diqqəti ölkənin taleyüklü problemlərdən yayındırmağa hesablandığı vurğulanır. Milli Məclisin deputatları Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, alimlər Nəcəf Müseyibli, Vaqif Abbasov, Misir Mərdanov haqqında sərt ifadələrin işlədildiyi açıqlamada AMEA-da islahatların aparıldığı qeyd olunur: “Ramiz Mehdiyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, AMEA-da şəffaflığın təmin edilməsinə və idarəçiliyin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı və iradəsidir. Heç kəs dövlət başçısının AMEA rəhbərliyi qarşısında qoyduğu dövlətçilik vəzifəsini yerinə yetirməyə mane ola bilməz. AMEA ölkəmizdə gedən islahatlarla ayaqlaşmalı, dövlət vəsaiti ayrı-ayrı direktorların ciblərinə deyil, ölkə elminin mənafelərinə xidmət etməlidir”.
Son vaxtlar bir çox alim, ictimai xadim və siyasətçi Ramiz Mehdiyevin istefasını tələb edir.
1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur. Milli Elmlər Akademiyasına 2019-cu il oktyabrın 23-dən prezidentlik edir.
1965-ci ildən Azərbaycanın komsomol və partiya təşkilatlarında rəhbər vəzifələr tutan Ramiz Mehdiyev 1980-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb.
1988-1994-cü illərdə Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri olub.
Təhlükəsizlik Şurasının üzvüdür.
“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Novator.az bildirir ki, AMEA-nın əsası 1945-ci ildə qoyulub. Nizamnaməsinə görə, AMEA ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, ölkəni elmi-texniki fəaliyyət sahəsində xaricdə təmsil edən dövlət ali elmi təşkilatıdır.
Akademiyanın ali idarəetmə orqanı onun ümumi yığıncağıdır.
Qurumun fəaliyyətinə rəhbərlik edən AMEA prezidenti ümumi yığıncaqda gizli səsvermədə 5 il müddətinə seçilir və Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənir. Ümumi yığıncaqda AMEA prezidenti seçilmək üçün səsvermədə iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu tələb olunur.