2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Tərtər rayonu istiqamətində Ermənistanın təxribat planlaşdırdığı barədə məlumat əsasında tədbirlər aparılıb: “Müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və mülki şəxs düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmənə ötürüblər, toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda cinayət işi başlanıb, bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib”.
“Tərtər işi” adı ilə tanınan bu iş üzrə yüzlərlə hərbi qulluqçu düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.
2021-ci il dekabrın 18-də Baş Prokurorluq məlumat yayaraq bildirib ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçular 2017-ci ilin may-iyun ayları ərzində qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar: “Hərbi Prokurorluqda həmin faktlarla bağlı cinayət işləri başlanaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb məhkəmələrə göndərilib, onlar müxtəlif cəzalara məhkum ediliblər.
2021-ci il dekabrın 16-da Baş Prokurorluqda cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib. Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq baş prokurorun xüsusi nəzarətinə götürülüb”.
Baş Prokurorluğun 2022-ci il fevralın 9-da yaydığı yeni məlumata görə, işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib: “Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib.
Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü məhkəmələrə apellyasiya protestləri verilib.
Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il qərarı qanunsuz və əsassız olduğundan ləğv edilib və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcək.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu, Axundov Fuad Arazi oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib”.