“Bəyənsən də döz, bəyənməsən də, gözəlim”. Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin Minsk razılaşmasına münasibətini şərh edərkən belə deyib.
Putin bu ifadəni fevralın 7-si Fransa prezidenti Emmanuel Makronla apardığı danışıqların yekununa həsr olunmuş mətbuat konfransında işlədib.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2014-cü ilin iyununda Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin Fransanın Normandiya şəhərində keçirdiyi yığıncaqda “Normand formatı” adlanan dördlük müəyyənləşib. 2014-2015-ci illərdə bu formatda Belarusun paytaxtı Minsk şəhərində keçirilən görüşlərdə Donbasda müharibənin dayandırılması məqsədilə razılaşmalar əldə edilib.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
2022-ci il fevralın 7-də Fransa prezidentinin Moskvaya səfər edərək Rusiya prezidenti ilə apardığı danışıqlar birbaşa Ukrayna böhranı ilə bağlı olub.
Görüşdən sonra keçirilən mətbuat konfransında Vladimir Putinə Minsk razılaşmasının qüvvədə qalıb-qalmadığı, bu razılaşmanın gələcəyinin olub-olmadığı haqda sual verilib. Suala cavabında Putin Minsk razılaşmasına alternativin olmadığını vurğulayıb: “Kiyev gah bu razılaşmaya əməl edəcəyini deyir, gah da razılaşmanın Ukraynanı məhv edəcəyini bildirir. Ukraynanın hazırkı prezidenti Minsk razılaşmasının heç bir müddəasını bəyənmədiyini söyləyib. Bəyənsən də döz, bəyənməsən də, gözəlim”.
ABŞ-ın CNN kanalının internet səhifəsində Putinin atmacası ilə bağlı məqalə dərc olunub. “Putinin kobud danışıq tərzindən istifadə etməsi onun dünyagörüşü haqqında çox şeyin üstünü açır” başlıqlı məqalənin müəllifi CNN-in əməkdaşı Neythan Hocdur.
Novator.az saytının məlumatına görə, məqalədə vurğulanır ki, Rusiya prezidenti növbəti qeyri-etik atmacası ilə əslində öz xislətini ortaya qoyub: “Onun kobud jarqonu – Zelenski haqda aşağılayıcı, həm də intim tonda ifadələr işlətməsi bəzi rusiyalı jurnalistləri belə çaşdırıb. “Bəyənsən də döz, bəyənməsən də, gözəlim” deməklə Putin sözün birbaşa mənasında seksual təcavüz nəzərdə tutur, yoxsa bu, sırf zarafatdır?”
Neythan Hoc yazır ki, jurnalistlərin bununla bağlı sualını Kremlin sözçüsü Dmitri Peskov cavablandırıb. O, media nümayəndələrini sakitləşdirməyə çalışıb: “Prezident nəzərdə tutur ki, əgər dövlət müəyyən öhdəliklər götürübsə, bununla bağlı razılaşmanın altında dövlət başçısının imzası varsa, onda öhdəliklər mütləq yerinə yetirilməlidir”.
Rusdilli folklor-pank qruplarından birinin ifa etdiyi mahnıda “Bəyənsən də döz, bəyənməsən də, gözəlim”ə oxşar sözlər var. Putin həmin folklor-pank qrupunun yaradıcılığı ilə tanışdırmı? Peskov suala qəti şəkildə yox cavabını verib: “Mən tam əminəm ki, Vladimir Putin həmin qrupun fəaliyyəti ilə tanış deyil və mən o qrupun bu ifadəni rus folklorundan götürdüyünə də şübhə ilə yanaşıram”.
Məqalədə bildirilir ki, folklordan gəlib-gəlməməsindən asılı olmayaraq Putinin atmacası onun Ukraynaya məkrli münasibətini ortaya qoyur: “Rusiya prezidenti Ukraynanı müstəqil ölkə saymadığını açıq şəkildə ifadə edib. “Bəyənsən də döz, bəyənməsən də, gözəlim” isə Putinin ötüb keçməmiş bir düşkünlüyünün – qadın düşkünlüyünün təzahürü, bu düşkünlüyün onun siyasətinə, ictimai baxışlarına da hopmasının nəticəsidir.
Birincisi, unutmayaq ki, “gözələ” qarşı zorakılıqdan bəhs edən bu adam düz beş il əvvəl məişət zorakılığı cinayətinə görə həbs cəzasının aradan qaldırılmasına qol çəkib.
İkincisi, Putinin rəqibləri barədə aşağılayıcı, təhqiramiz ifadələr işlətməkdə davam etməsini onun təcavüzə pis baxmadığı haqda bilgiləri gücləndirən əlavə sübut saymaq gərəkdir.
Rusiya liderinin sərt çıxışları bəzən yerli auditoriya üçün nəzərdə tutulur, necə deyərlər, xalq tamaşasıdır. Onun 7 fevral açıqlamasında məhz “döz” ifadəsini işlətməsi isə qadınlarla bağlı eybəcər duyğularından xəbər verir”.
Neythan Hoc qeyd edir ki, Zelenski Putinin açıqlaması ilə bağlı sualı cavablandırarkən məsələni Rusiya liderinin anladığı dildə şərh edib: “Elə mövzular var ki, Rusiya prezidenti ilə mübahisə etməyimizə yer qalmır. Ukrayna doğrudan da gözəldir. Bu gözəli özünə aid eləməsi isə həddi aşmaqdır”.
Putinin itaətkar olmaq, deyiləni etmək çağırışına Zelenskinin münasibəti belə olub: “Hesab edirəm ki, Ukrayna çox səbirlidir. Çünki bu, müdriklik əlamətidir. Və bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün böyük əhəmiyyət daşıyır”.
“Putinin kobud danışıq tərzindən istifadə etməsi onun dünyagörüşü haqqında çox şeyin üstünü açır” məqaləsi bu cümlələrlə bitir: “Putin ilk dəfə deyil bu cür ifadələr işlədir. Ondan gətirilən ən məşhur sitatlardan biri 1999-cu ilə, hələ baş nazir olduğu dövrə aiddir. O vaxt Putin çeçen separatçılarını darmadağın edəcəyinə söz verərək belə demişdi: “Biz harada tutsaq, onların başını əzəcəyik. Tualetdə tutsaq, elə tualetdə də başlarını əzəcəyik”.
Eyni münasibət indiki böhrana da aiddir. Diplomatık dildən imtina edəndə Putinin mahiyyəti çox yaxşı görünür”.
Mənbə: CNN.com