Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin konstitusiyanın 13 (Mülkiyyət), 25 (Bərabərlik hüququ), 29 (Mülkiyyət hüququ), 38 (Sosial təminat hüququ) və 149-cu (Normativ hüquqi aktlar) maddələrinə uyğunluğunu yoxlayıb.
Novator.az bildirir ki, pensiya qanununun 9.6-cı maddəsinə görə, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur: “Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər”.
Konstitusiya Məhkəməsinin ombudsmanın sorğusu əsasında baxdığı iş üzrə qərarda qeyd olunur ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir: “Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur”.
Qərarda o vurğulanır ki, “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.
Fevralın 7-də açıqlanan qərara əsasən, pensiya qanununun 9.6-cı maddəsi konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci maddəsinin I və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.
“Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsində qeyd olunur ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir: “Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir”.