ABŞ-ın “Forbes” jurnalında “Azərbaycan yığcam Hərbi Hava Qüvvələrini Türkiyə və Gürcüstanın hücum təyyarələri ilə genişləndirə bilər” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Pol İddondur.
Novator.az saytının məlumatına görə, müəllif yazır ki, yaxın gələcəkdə Azərbaycan qonşu Türkiyə və Gürcüstandan münasib qiymətə təyyarələr almaqla Hərbi Hava Qüvvələrini genişləndirməyə qərar verə bilər.
Son illər Ankara ilə Bakının hərbi əlaqələri yüksək həddə çatdırdığını vurğulayan Pol İddon 2020-ci ilin 44 günlük müharibəsindən bir neçə ay qabaq Türkiyənin Azərbaycana silah ixracını altı dəfə çoxaltdığını qeyd edir: “Azərbaycan 44 günlük müharibədə Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratdı. Müharibədə Azərbaycanın Türkiyə istehsalı olan “Bayraktar-TB2” pilotsuz uçuş aparatlarından uğurla yararlanması isə çox ölkədə PUA-lara marağı artırdı”.
2021-ci ilin iyununda Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdiyini, orada Azərbaycan prezidenti İlham Əliyevlə Şuşa bəyannaməsi imzaladığını xatırladan müəllif yazır ki, bəyannamə iki ölkə arasında geniş hərbi əməkdaşlığı daha da möhkəmləndirir.
Məqalədə deyilir ki, Azərbaycanın arsenalında Rusiya istehsalı olan MiQ-29 qırıcıları və Su-25 hücum təyyarələri var və Bakı öz Hərbi Hava Qüvvələrini əlavə təyyarələrlə gücləndirməyə ehtiyac duya bilər: “Azərbaycan əlavə təyyarələr axtarışına çıxa bilər. Vacib deyil ki, bunlar mütləq bahalı, yüksək keyfiyyətli reaktiv təyyarələr olsun.
Ermənistan öz Hərbi Hava Qüvvələrini modernləşdirmək üçün xeyli pul töküb Rusiyadan 4 ədəd yüksək manevr qabiliyyətli Su-30SM qırıcıları almışdı. Ermənistanın hərbi arsenalında bundan qabaqcıl qırıcılar yoxdur. Amma nə olsun, 2020-ci ilin müharibəsində həmin qırıcılardan heç istifadə edilmədi.
Ona görə bu cür qırıcılardansa Azərbaycan yeri gələndə hücum təyyarəsi kimi də istifadə oluna biləcək yüngül təlim-məşq təyyarələri ala bilər.
Bu yaxınlarda Türkiyə Nigeriya ilə müqavilə bağlayıb. Müqavilə Nigeriyaya “TUSAŞ” şirkətinin istehsalı olan “Hürkuş” təlim təyyarələrinin satışını nəzərdə tutur. Nigeriya “Hürkuş” təyyarələrinin ilk alıcısıdır. İndi Azərbaycanın da həmin təyyarələri öz hava qüvvələri arsenalına daxil edəcəyi gözlənir.
Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir ötən il dekabrın 4-də Azərbaycana yeni təyyarə ixracının həyata keçiriləcəyini nəzərdə tutaraq açıqlama vermiş, bunu mühüm hadisə adlandırmışdı. Açıqlamanın ertəsi günu “Hürkuş” Azərbaycanda sınaq uçuşu həyata keçirdi”.
Məqalədə bildirilir ki, “Hürkuş” təlim təyyarəsi olsa da, universal təyinatlı bombaları daşıya və Türkiyənin müasir (ağıllı) mikrobombalarını ata bilir. Həmin ağıllı mikrobombalardan “Bayraktar” dronlarında da istifadə olunur”.
Daha sonra məqalədə deyilir ki, bu ilin yanvarında Türkiyə hökuməti daha bir yüngül təlim-məşq döyüş təyyarəsinin – “Hürjet” təyyarələrinin istehsalına icazə verib. Müəllif qeyd edir ki, “Hürkuş”dan fərqli olaraq “Hürjet” Cənubi Koreyanın “T-50 Qızıl Qartal”ına bənzər təkmilləşdirilmiş reaktiv təlim təyyarəsidir və bu təyyarələr Cənubi Koreyadan tutmuş İndoneziyaya, İraqa qədər müştərilər cəlb edir”.
Pol İddonun fikrincə, hərtərəfli sınaqlardan keçəndən sonra “Hürjet” Azərbaycanın da diqqətini cəlb edə bilər: “Bakı artıq hərbi hava arsenalını bu tip kompakt təyyarələrlə təchiz etməyə maraq göstərir.
2020-ci ilin fevralında prezident İlham Əliyev ölkəsinin İtaliyadan müasir M-346 reaktiv təlim-məşq təyyarələri alacağını bəyan etmişdi. M-346 təyyarəsi də raketlərlə bərabər universal və ağıllı bombalar daşıya bilir”.
Ankaranın Bakıya sovet istehsalı olan Su-25 təyyarələrini Türkiyə və Azərbaycan silahlarına uyğun təkmilləşdirməkdə yardım göstərdiyini yazan Pol İddon qeyd edir ki, Su-25 təyyarələri sovet dövründən Gürcüstanda da istehsal olunur və Azərbaycan öz arsenalındakı Su-25-lərin çoxunu 2002-ci ildə məhz Gürcüstandan alıb: “Hazırda Gürcüstanın Rusiya komponentlərindən istifadə etmədən “Ge-31 Bora” adı altında yeni Su-25-lər istehsal etmək kimi iddialı planı var. Plana görə, “Bora”nın gövdəsi və qanadları Gürcüstanda hazırlanacaq. Gürcüstan “Bora”nı həm öz Hərbi Hava Qüvvələrində istifadə edəcəyinə, həm də xaricə satacağına ümidlidir.
Ötən ilin mart-aprel aylarında Gürcüstan təkmilləşdirdiyi Su-25 təyyarələri üzrə sınaq uçuşları həyata keçirib. Yenilənmiş Su-25-lər həm döyüş, həm də təlim üçün nəzərdə tutulub.
Ancaq analitiklərin qənaətinə görə, Gürcüstan yenilənmiş Su-25-lərin, yəni Ge-31 təyyarəsinin istehsalına yalnız xaricdən böyük sərmayə cəlb edəcəyi halda başlaya bilər”.
Məqalədə xatırladılır ki, Ge-31 təyyarələrinə sərmayə yatırılmasına ən çox ehtimal olunan namizədlər sırasında İsrail və Ukraynanın adı hallanır: “Amma Azərbaycan da məsələdə uyğun namizəd ola bilər. Azərbaycan layihəni maliyyələşdirə və hətta öz texnologiyasına uyğunlaşdırılmış, daha doğrusu, Türkiyənin sursat və sistemləri ilə asanlıqla təchiz edilə bilən Ge-31-lərin hazırlanması üçün Gürcüstanla müqavilə bağlaya bilər”.
Pol İddonun qənaətinə görə, belə bir razılaşma tərəflərin hamısı üçün sərfəli olardı: Azərbaycan öz hərbi arsenalını müasir hücum təyyarələri ilə zənginləşdirər, Gürcüstan isə Ge-31 layihəsini həyata keçirməyə pul tapardı. Türkiyəyə gəlincə, müəllif bu ölkənin Qafqazdakı yaxın müttəfiqinin, yəni Azərbaycanın daha bir faydalı silah müqaviləsi bağlamasını alqışlayacağına şübhə etmir.
Mənbə: Forbes.com