Çinin sosial media hiylələri – “Nyu-York Tayms”
- 04 Fevral 2022
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetŞərh
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Pekin sosial mediada rəy yaradanları – inflyuenserləri necə təsir altına alır?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Pol Mozur, Reymond Çjun, Aaron Krolik, Aliza Aufrixtiq və Nayla Morqandır. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
Li və Oli Barrettlərin “YouTube” kanalında Çindən yaydıqları videolara milyonlarla insan baxıb. Ata və oğul ekzotik yerlərdə otelləri ziyarət edir, ucqar kəndlərə gedir, izdihamlı bazarlarda satışa çıxarılan məhsulların dadına baxır və ənənəvi qulaq təmizləmə prosedurundan keçirlər.
Barrettlər Çindəki əcnəbilərin xoşbəxt həyat mənzərələrini çəkən, ölkədəki avtoritar idarəçiliyi, etnik azlıqlara qarşı siyasəti, koronavirusla mübarizə metodlarını tənqid edənlərə ciddi müqavimət göstərən sosial media fəallarındandırlar. Son zamanlar Çini sosial mediada bu cür təbliğ edənlərin sayı artıb.
İlk baxışdan onların videoları çox rahat bir atmosferdə çəkdiyi görünür. Ancaq bu çəkilişlərin arxasında, kameranın o üzündə gözə görünməyən böyük bir inzibati aparat – hökumət adamları, dövlət mediası, rəsmi şəxslərdən ibarət iri bir dəstə var. Məqsəd isə dünyada Çin hökumətinə sərfəli təbliğatın aparılmasıdır.
Rəsmi sənədlər və video müəlliflərinin özlərinin yaydığı məlumatlar da təsdiqləyir ki, Çinin dövlət xəbər agentlikləri və yerli hakimiyyət orqanları hökumətyönlü bloqçuların bölgələrə səfərlərini təşkil edir, bu səfərləri maliyyələşdirirlər.
Dövlət xəbər agentlikləri və yerli hakimiyyət orqanları video müəlliflərinə ya pul ödəyir, ya da ən azı onlara pul təklif edirlər. Üstəlik, onlar həmin videoları “YouTube”, “Twitter” və “Facebook” platformalarında milyonlarla istifadəçi arasında paylaşmaqla da müəlliflərə əlavə pul qazandırırlar.
Rəsmi medianın dəstək verdiyi əcnəbi yutubçular Çin hakimiyyətinin xarici jurnalistlərə qadağan etdiyi yerləri ziyarət edə və orada çəkilişlər apara bilirlər.
Həmin əcnəbi yutubçuların çoxu artıq Çində məskunlaşıb yaşayır. Onlar deyirlər ki, məqsədləri Qərbdə Cin haqda formalaşmış mənfi imici dağıtmaqdır. Onlar iddia edirlər ki, Çin Kommunist Partiyası işlərinə qarışmır, hansı süjeti çəkmək lazım olduğuna özləri qərar verirlər.
Video müəllifləri təbliğat-təşviqat ruporu olduqlarını inkar etsələr də, Pekin rejiminin onlardan məhz bu məqsədlə istifadə etdiyinə şübhə yoxdur. Çin diplomatları, diplomatik nümayəndələri mətbuat konfranslarında bu cür əcnəbi yutubçuların videolarını nümayiş etdirir, onların videolarının sosial mediada təbliğinə şərait yaradırlar. Bu cərgədə ən populyar inflyuenserlərin 6-sı “YouTube”da ümumilikdə 130 milyon baxış və 1,1 milyondan çox abunəçi toplayıb.
İnflyuenser – yeni termindir, sosial mediada böyük auditoriyası olan istifadəçiləri, başqa sözlə desək, rəy liderlərini belə adlandırırlar.
Dünyada Çinlə bağlı müsbət imic formalaşdırmaq üçün Pekin ona xoş münasibət sərgiləyən xarici tribunalardan yararlanır. Kommunist Partiyası sosial şəbəkə hesablarından ibarət əməlli-başlı gizli ordu qurub. Partiya tələb edir ki, siyasətçilər, dövlət xəbər agentlikləri bəzən öz uydurmalarını məhz həmin hesablar vasitəsilə yaysınlar, hökumətə qarşı tənqidləri həmin hesabların köməyilə susdursunlar.
Əslində bu o deməkdir ki, Çin hökuməti öz ərazisində məlumatların sərbəst yayılmasının qarşısını almaq üçün blokladığı platformalardan, xüsusilə “Twitter” və “YouTube”dan dünyada təbliğat aparmaq üçün istifadə edir.
Sosial media platformaları üzrə çinli mütəxəssis Erik Lyu deyir ki, Çin qlobal sosial mediada ortaya çıxmış yeni super təcavüzkardır: “Məqsəd qalib gəlmək də deyil, eləcə xaos yaradıb, şübhə toxumu səpib əsl həqiqəti ört-basdır etmək, gözdən yayındırmaqdır”.
Kamera arxasındakı dövlət
İsrailli gənc Raz Qal-Or Pekində kollec tələbəsi olduğu dövrdə əyləncəli videolar çəkməyə başlayıb. Hazırda o, sadə insanlardan və Çində yaşayan həmyerlilərindən xoş həyatları barədə müsahibələr götürməklə məşğuldur. Onun videolarının milyonlarla izləyicisi var.
Bir neçə ay qabaq çəkdiyi bir videoda Raz Qal-Or Çinin Sincan bölgəsində uyğurların qul kimi işlədildiyi haqda ittihamları təkzib etməyə çalışıb. O, Sincanda pambıq tarlalarına baş çəkib.
Oradan çəkib yaydığı videosunda Raz Qal-Or bir neçə fəhlə ilə manqalda kabab bişirdiyini nümayiş etdirdikdən sonra deyir: “Burada hər şey qaydasındadır. İnsanların vəziyyəti yaxşıdır, onlar öz işlərini görür və öz həyatlarını yaşayırlar”.
Onun video materiallarında Çin hakimiyyətinin yüz minlərlə müsəlman uyğuru “təlim-tərbiyə” adı altında əsir düşərgələrinə saldığını təsdiqləyən jurnalist araşdırmalarına toxunulmur, bu barədə üzə çıxmış məxfi hökumət sənədlərindən bəhs olunmur.
Raz Qal-Or öz süjetlərində Çinlə biznes əlaqələrindən, ailəsinin Çin dövləti ilə bağlılığından da danışmır.
Raz Qal-Orun işlədiyi “YChina” video şirkətinə atası Əmir rəhbərlik edir. Əmir Qal-Or sərmayəçidir və onun fondunu Çin dövlətinə məxsus bank – İnkişaf Bankı dəstəkləyir. Bunu fondun saytında yerləşdirilmiş məlumat da təsdiqləyir.
Əmir Qal-Orun yaratdığı “İnnonation” şirkətinin saytındakı məlumata görə, Çinin iki dövlət xəbər agentliyi “YChina”nın müştərisidir. “İnnonation” müxtəlif ofislərin idarəçiliyi ilə məşğuldur və Pekindəki “YChina” ofisinin də sahibidir.
Raz Qal-Or “Nyu-York Tayms”ın sorğusuna cavabında deyib ki, “YChina”nın dövlət xəbər agentlikləri ilə heç bir xidmət müqaviləsi yoxdur və “İnnonation”un saytında yerləşdirilimiş məlumat həqiqəti əks etdirmir. Videobloqçu heç bir Çin məmurunun ona pul ödəmədiyini və Sincan səfərinin də məmurlar vasitəsilə maliyyələşdirilmədiyini vurğulayıb.
Raz Qal-Or əlavə edib ki, onun Sincanda çəkdiyi video insanların həyatına, rifahına və arzularına həsr olunub: “Əminəm ki, buna məqsədli şəkildə siyasi don geydirilir”.
“İşimi görürəm”
Amma dövlət qurumlarından maliyyə dəstəyi aldığını etiraf edən yutubçular da var. Hərçənd onlar iddia edirlər ki, heç də bunun sayəsində məşhurlaşmayıblar.
Çində yaşayan kanadalı Kirk Eypslend öz video kanalını “Gweilo 60” adlandırıb. (“Gweilo” xarici deməkdir).
“Nyu-York Tayms” qəzeti Kirk Eypslendlə əlaqə saxlayandan sonra videobloqçu “Nyu-York Tayms” “Gweilo 60”a qarşı” adlı video material yayıb.
Həmin materialda Kirk Eypslend Çinin şəhər və vilayət hökumətlərindən otelhaqqı aldığını, yəni pul qəbul etdiyini etiraf edir. Amma o, bunu turist ticarəti kimi qələmə verir: “Gördüyüm işin haqqını alırammı? Əlbəttə, alıram. Mən iş görürüəm. Yüz minlərlə insan üçün video paylaşıram”.
Li Barrett də öz video reportajlarının birində eyni etirafı edir: “Onlar mənim gediş haqqımı, mehmanxana və yemək pulumu ödəyirlər. Ancaq onlar heç bir halda bizə videoda nəyi çəkib, nəyi demək barədə tapşırıq vermirlər”.
Oli Barrett isə “Nyu-York Tayms”ın bununla bağlı sorğusunu cavabsız qoyub.
Avstraliya Strateji Siyasət İnstitutunun hesabatına görə, Çinin interneti tənzimləyən qurumu hökumətin siyasətini təbliğ etmək üçün “Çinlə tanışlıq” adlı kampaniya çərçivəsində media şirkətinə 30 min dollara qədər pul ödəyib. Hesabatda deyilir ki, kampaniya zamanı hökumətin yoxsulluqla mübarizədə qazandığı uğurları təbliğ etmək məqsədilə xaricdəki məşhur internet fəallarından (inflyuenserlərdən) istifadə olunub.
Strateji Siyasət İnstitutunu Avstraliya və ABŞ hökumətləri, şirkətləri, o cümlədən hərbi podratçıları maliyyələşdirir. İnstitut Çinin Sincan bölgəsində insanların məcburi əməyə cəlb olunduğu barədə bir neçə dəfə hesabat dərc edib.
Əslində yutubçular səyahətə dövlət vəsaiti ilə çıxanda onların çəkməli, görməli olduqları işin istiqamətini, məzmununu məhz rəsmi orqanlar müəyyənləşdirir.
Bu yaxınlarda Li Barrett, Matt Qalat adlı tanınmış bloqçu və Meksikadan olan iki müəllif Çin Beynəlxalq Radiosunun canlı efirində Sian şəhərinə səfərlərini müzakirə ediblər.
Müzakirədə Matt Qalat bildirib ki, onun səyahətini təşkil edənlər hələ görmədiyi yeri tərifləməsini istəyiblər, amma o, bundan imtina edib.
Bir başqa səfər videosunda isə Qalat deyib ki, müqəddəs dağ ziyarətinin proqramdan çıxarılması onu məyus edib. Sonra Qalat vurğulayıb: “Əslində onlar təbliğat səfərləri üçün daha geniş yer ayırmalıdırlar”.
“Layk” qazanmağın və insanalara təsir etməyin yolları
İnflyuenserlərin öz işlərindən nə qədər qazanc götürdüyünü demək çətindir. Ancaq bir şey bəllidir: Çin dövlətinin onlara yardımı təkcə birbaşa pul verilməsi ilə çərçivələnmir, dövlət onları sosial mediada nüfuz qazanmaq üçün böyük əhəmiyyət kəsb edən vasitə ilə – rəqəmsal trafiklə də təmin edir.
“YouTube” platforması meydan verdiyi videolarda reklamlar yerləşdirir və həmin reklamlara görə videoların müəlliflərinə pul ödəyir. Reklamın və ondan gələn qazancın həcmi videolara baxış sayından asılıdr. Baxış sayının çoxluğu video müəlliflərinə tanınmış brendlərin sponsorluğuna nail olmaqda kömək edə bilər. Çin hökumətini dəstəkləyən yutubçuların bir neçəsi artıq buna nail olub.
Raz Qal-Or Sincandakı pambıq tarlalarından videosunu “YouTube” kanalında ötən il aprelin 8-də, “Nike”, “H&M” və digər məşhur şirkətlərin Çində qul əməyindən yararlandığı haqda narahatlıqlar bəyan olunandan, tənqidlər səslənəndən sonra yerləşdirib.
Bir neçə gün ötməmiş Raz Qal-Orun 180 minə yaxın izləyici toplamış videosu Çinin İtaliyadakı səfirliyinin “Facebook” səhifəsində italyanca subtitrlərlə təqdim olunub.
Avstraliya Strateji Siyasət İnstitutunun dəqiqləşdirdiyi məlumatlara əsasən, sonrakı həftələrdə həmin video Raz Qal-Orun Sincanda çəkdiyi digər materiallarla birlikdə Çin səfirliklərinin və rəsmi xəbər agentliklərinin idarə etdiyi ən azı 35 hesab vasitəsilə “Facebook” və “Twitter”də paylaşılıb. Həmin “Facebook” və “Twitter” hesablarının isə, “Nyu-York Tayms”ın təxmininə görə, ümumilikdə 400 milyon abunəçisi var.
“YouTube” platformasının və “Google” axtarış sisteminin alqoritmlər mexanizmi elədir ki, sosial mediada geniş şəkildə paylaşılan videoları daima önə çəkir.
“Google” şirkətinin keçmiş mühəndisi, “YouTube”a tövsiyə mexanizmi hazırlamaqda yardım etmiş Giyom Şaslo deyir: “Diktatura rejiminin hökm sürdüyü ölkələr öz kanallarını tanıtmaq üçün süni yollarla alqoritmlər yarada bilərlər”.
Klemson Universitetində sosial media dezinformasiyalarını araşdıran professor Darren Linvillin sözlərinə görə, Raz Qal-Orun videosu “Twitter”də bir çox şübhəli hesabda yayılıb ki, bu da düşünülmüş əməliyyata işarədir.
Darren Linvill üzə çıxarıb ki, aprel ayından iyunun sonuna qədərki müddət ərzində Raz Qal-Orun videosunu bəyənib təkrar paylaşan 534 hesabın beşdə ikisinin vur-tut 10, hətta daha az abunəçisi var. Hər 9 hesabdan birində ümumiyyətlə abunəçi olmayıb. Doqquz hesabda isə ilk tvit elə Raz Qal-Orun videosundan başlayıb.
Amma yekunda bütün bunlar Raz Qal-Orun, eləcə də digər video müəlliflərinin auditoriyasının genişlənməsinə, izləyicilərinin sayının artmasına gətirib çıxarıb.
Yel Universitetinin tədqiqatçıları Joşua Lam və Libbi Lanq 2021-ci ilin birinci yarısında Sincandan bəhs edən təxminən 290 min tviti təhlil ediblər. Məlum olub ki, həmin tvitlərin sahibləri Çin inflyuenserləridir.
İnflyuenserlər üçün şəffaflıq
“YouTube”dan “Nyu-York Tayms”a bildiriblər ki, qəzetin araşdırdığı inflyuenserlərin koordinasiya olunmuş əməliyyatlarla bağlılığına dair hər hansı dəlil tapılmayıb.
“YouTube”un tabe olduğu “Google” şirkətindən isə qəzetə deyiblər ki, onlar koordinasiya edilmiş təşviqat üsulu ilə yayılan, təkrar-təkrar paylaşılan materialları vaxtaşırı məhdudlaşdırırlar.
Ancaq “YouTube”un bir prinsipi də var: bu platformadakı kanallar sponsorları və digər kommersiya əlaqələri barədə məlumatları açıq qoymalıdırlar ki, izləyicilər görsün.
“Nyu York Tayms” qəzeti Çinin dövlət mediasının ödənişləri və təşkil etdiyi pulsuz səfərlər haqda “YouTube”a sorğu verəndən sonra platformadan deyiblər ki, onlar video müəlliflərinə bu öhdəlikləri xatırladacaqlar.
“YouTube” hökumətin maliyyələşdirdiyi informasiya qurumlarının idarə etdyi kanalları müşahidəyə götürməklə şəffaflığı təmin etməyə çalışdığını bəyan edib. Ancaq platforma fərdi kanallarda bununla bağlı hər hansı işarələmə sistemi aparmır. Bu isə bəzi yutubçulara Çinin dövlət mediasına işlədiklərini gizlətməyə imkan verir.
Li Sintszin öz abunəçilərini Çinin cənub sularındakı mərcan adalarına aparır və orada Qərbin Çin əleyhinə fəaliyyətini müzakirə edir. Və Li Sintszinin kanalında onun Çin Beynəlxalq Televiziya Şəbəkəsində işlədiyi qeyd olunmayıb.
Stüart Uiqinin “The China Traveller” adlı kanalında onun “People’s Daily”də işlədiyi açıqlanmayıb. “China Daily” dövlət qəzeti isə “Çinlə tanışlıq” kampaniyasını işıqlandırarkən britaniyalı Stüart Uiqini “People’s Daily”nin işçisi kimi təqdim edib.
Sincandan yaydığı videosunda Stüart Uiqin bölgənin mətbəxinə təriflər yağdırır, yerli sakinlərin necə firavan yaşadıqları barədə açıqlamalarını təqdim edir. Sincandakı əsir düşərgələri kimi mövzulara isə qətiyyən toxunmur.
Li Sintszin və Stüart Uiqin “Nyu-York Tayms”ın ünvanladığı sualları cavabsız qoyublar.
Peşmanlıq keçirmədən
Matt Qalat 2021-ci ildə kanalını yeni məkanlarda tanıtmaq üçün Çini tərk edib. Buna qədər o, Pekinin təbliğatına xidmət edən ən məşhur yutubçulardən olub. Hazırda Qalat ABŞ-dakı səfərləri ilə bağlı videolar hazırlayır.
“Nyu-York Tayms”a açıqlamsında Matt Qalat Çində çəkdiyi videolara görə peşman olmadığını bildirib.
Qalat Çində Ninbo şəhərində yaşayıb. O, əslən ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərindəndir. Matt Qalat pandemiyadan qabaq qayğısız səyahət videoları ilə “YouTube”da xeyli izləyici toplayıb.
Çin pandemiya ilə bağlı böhran vəziyyətindən çıxandan sonra Qalat Çinin dövlət-hökumət qurumlarından, rəsmi xəbər agentliklərindən dəvətlər almağa başlayıb. Bu həmin dövr idi ki, Çin pandemiyaya görə Qərbin tənqidləri ilə üzləşmişdi və bu tənqidləri dəf etməyə çalışırdı. Qalat deyir ki, həmin tənqidlər onun özünü də narahat edirmiş.
Nəticədə Matt Qalatın “YouTube”dakı videoları getdikcə siyasi xarakter almağa başlayıb. O, virusun ABŞ-dan gəlib-gəlmədiyini araşdırmağa, Çinin texnoloji nəhəngi “Huawei”yə qarşı Qərbdə aparılan kampaniyanı müzakirəyə çıxarmağa girişib.
Qalat deyir ki, insanlar bəzi hadisələrlə bağlı dramatik, qəzəbli hisslər keçirməyi sevirlər: “Ona görə belə mövzularda materialların bir çoxu, tutalım, mənim adi səyahət videolarımdan daha populyar idi”.
Qalatın kanalında abunəçilərin sayı 100 mini ötüb. O, kanalın böyüməsində Çinin dövlət mediasının dəstəyinin rol oynadığını danmır. Qalatın sözlərinə görə, uzun sürən səfərləri boyunca dövlət mediası ona pul ödəyib. Ancaq videobloqçu həmin məbləği açıqlamaqdan imtina edib.
2021-ci ilin yayında Matt Qalat Çinin Beynəlxalq Televiziya Şəbəkəsinin planlaşdırdığı səfər çərçivəsində Sincanda olub. O, Sincanda uyğurların mədəniyyət muzeyində çəkdiyi videoda belə deyir: “Çini nasist Almaniyası ilə müqayisə etmək istəyənlərə maraqlı ola bilər: sizcə, Almaniyada müharibədən əvvəl yəhudi mədəniyyətinə həsr olunmuş muzeylər var idimi?”
Qalat Çini tərk edəndən sonra onun “YouTube”dakı videolarına baxış sayı azalıb. Ancaq o, bundan narahat olmadığını bildirir.
Yəqin ki, gələcəkdə Qalatın kanalı siyasiləşmiş formatda olmayacaq. O özü deyir ki, kanalının siyasi məsələlərin müzakirə olunduğu bir platformaya çevrilməsindən heç də məmnun deyil.
Mənbə: Nytimes.com